“31 MART SOYQIRIMI” (Tarixi gerçəkliklər)
Məsləhətçi: | Fuad ƏLİYEV akademik, əməkdar elm xadimi |
Tərtib edənlər: | Samir PİŞNAMAZZADƏ tarix üzrə fəlsəfə doktoru Aynur MİRİŞLİ elmi işçi Məhsəti QULİYEVA elmi işçi |
Elmi redaktor: | İradə HÜSEYNOVA Azərbaycan Respublikası Təhsil Nazirinin müavini, tarix elmləri doktoru, professor |
Rəyçi: | Həsənbala SADIQOV tarix elmləri doktoru, professor |
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Xalqımızın parçalanmasının və didərgin salınmasının, qədim və tarixi torpaqlarımızın bölünməsinin əsası 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında həyata keçirilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra xalqımızın müxtəlif əsrlərdə başına törədilən vəhşiliklər alimlər tərəfindən tədqiq olunmağa və onların əsasında əsərlər yazılmağa başlanıldı.
Oxuculara təqdim olunan “Azərbaycanda ermənilərin törətdiyi soyqırım” kitabında «31 mart azərbaycanlıların soyqırımı günüdür» tarixi elmi-praktiki konfransın materialları, tanınmış ziyalıların əsərləri və AMEA Gəncə Bölməsinin əməkdaşlarının məqalələri verilmişdir. Kitabda tarixi faktlar və arxiv materialları əsasında erməni millətçilərinin müxtəlif dövrlərdə ölkəmizdə törətdiyi vəhşiliklər öz əksini tapmışdır.
Topluda Türkiyə və Azərbaycan torpaqları hesabına erməni dövləti yaratmaq xülyası ilə dinc əhaliyə qarşı cinayət törədən, azərbaycanlıları amansızlıqla qətlə yetirən, onları ata-baba torpaqlarından zorla qovan, əmlaklarını talayıb-yandıran, qədim tarixi abidələrini dağıdan ermənilərin cinayətkar əməlləri tutarlı tarixi sənədlər və materiallar əsasında alimlər tərəfindən araşdırılmışdır.
Üç fəsildən ibarət olan toplunun birinci fəslində azərbaycanlıların soyqırım yaddaşı, ikinci fəslində isə erməni-rus birləşmələrinin 1914-1915-ci illərdə Qars vilayətində törətdikləri soyqırım haqqında tarixi faktlar şərh edilir. Üçüncü fəsildə isə 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiytə müharibələri nəticəsində İravan xanlığının ərazisində dağıdılmış kəndlərin, 1918-ci ildə İrəvan quberniyasında dağıdılmış və boşaldılmış azərbaycanlı yaşayış məntəqələrinin, 1919-cu ilin son iki ayında ermənilərin İrəvan quberniyasında darmadağın etdikləri müsəlman kəndlərinin siyahısı təqdim olunur.
Kitabda Şamaxı və Quba qəzasında ermənilər tərəfindən qarət edilən və dağıdılan kəndlərin siyahısı ilə yanaşı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarına əsasən Ermənistan ərazisində adları dəyişdirilmiş azərbacanlılara məxsus yer adlarının siyahısı da yer almışdır.
Kitabla tanış olmaq hər bir azərbaycanlının, elmi işçinin, aspirantın və tələbə-gənclərin vətəndaşlıq borcudur.
Soyqırım tarixi, onun faciəvi nəticələri geniş oxucu kütləsi üçün unudulmaz yaddaş tarixidir.
Gəncə, “Elm” nəşriyyatı-2011.