XƏBƏRLƏR
07.04.2021 / Yubileylər
NİZAMİ GƏNCƏVİNİN 880 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ YENİ MONOQRAFİYA NƏŞR EDİLMİŞDİR

     XİX  əsr  Azərbaycan ədəbiyyatında  maarifçilik  ideyaları mövqeyində duran, “Divani-hikmət” ədəbi  məclisinin  ən fəal üzvlərindən biri, Mirzə Şəfi Vazehin  ən yaxın  həmkarı və onun ölümündən sonra “Divani-hikmət”ə rəhbərlik edən Mirzə Mehdi  Naci öz dövründə halal, haqqsevən, dürüst, dindar, yalana,  əyriliyə, riyakarlığa, böhtana qarşı dözülməz bir  ziyalı olmuş, yaradıcılığında da insansevər bir sənətkar kimi hər cür saxtakarlığa, əyriliyə, ehkamçılığa qarşı mübarizə aparmışdır.        

     Mirzə Mehdinin özünə Naci, yəni  nicat verən   təxəllüsünü  götürməsi onun təbibliyi ilə bağlıdır. Naci bir  təbib kimi  Gəncədə və Gəncəbasarda yaxşı  tanınmışdır, onun ayrı-ayrı  adamları  müalicə etməsi ilə bağlı faktlar əsərlərində də yer almışdır.   Bu görkəmli şəxsiyyətin yaradıcılığı tədqiq  olunmadığı üçün  onun haqqında ədəbiyyat tariximizdə  adı  yalnız  həcvçi (tənqidçi) şair kimi  çəkilmişdir. Halbuki, Naci "Divan" əsərində ictimai, fəlsəfi mövzularda yazılmış şeirlər daha çoxdur. Onun qəzəl, müxəmməs, müsəddəs, qoşma, rübai janrlarında yazdığı şeirlərdə zamanın nəfəsi duyulur.                         

     AMEA  Gəncə Bölməsində nəşr edilən “Mirzə Mehdi  Naci. Seçilmiş əsərləri” kitabında   şairin qəzəl, müxəmməs və müsəddəsləri, rübailəri, müxtəlif şerləri, həcvlərdən seçmələr,  habelə farscadan  tərcümə edilmiş  şerlər  toplanmışdır və burada şairin güclü humanizmi əks olunmuşdur.                

     Əsərdə təbib, həkkak və şair olan Mirzə Mehdi Nacinin yaradıcılığı  hərtərəfli   tədqiq və təhlil  olunmuşdur.                   

     AMEA  Gəncə Bölməsində çap  olunan kitab  maarifpərvər  şairin  çoxşaxəli, zəngin  yaradıcılığının  daha  dərindən araşdırılmasında, tədqiq və təbliğində çox  önəmli  bir  addımdır.  Kitabda  transliterasiya, tərcümə, tərtib və önsözün müəllifi AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, əməkdar elm xadimi, professor Xəlil Yusiflidir.         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamı əsasında ərsəyə gələn monoqrafiya bu dahi ədibin irsinin  daha dərindən  öyrənilməsinə  sanballı töhfə,  ədəbiyyat  tariximizi  tədqiq  edən ədəbiyyatşünas alimlər üçün  qiymətli  elmi mənbədir.