XƏBƏRLƏR
21.04.2021 / Mühüm hadisələr
“NİZAMİ GƏNCƏVİ OBRAZI BƏDİİ ƏDƏBİYYATDA” MONOQRAFİYASI ÇAP OLUNMUŞDUR

Müəllif:      Əlimuxtar  Muxtarov

 

     AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi , filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Həsən oğlu Muxtarovun “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olunub. Monoqrafiya  Ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci ili Azərbaycan Respublikasında Nizami Gəncəvi ili elan etməsi sərəncamı əsasında AMEA Gəncə Bölməsinin Rəyasət Heyətinin   qərarı ilə nəşr  edilmişdir.   

     Monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse prezidenti akademik İsa Həbibbəyli, elmi rəhbər və geniş ön sözün müəllifi akademik Nizami Cəfərovdur. Rəyçilər Əməkdar elm xadimi, professor Xəlil Yusifli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq Şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru,dosent Zəhra Allahverdiyeva və Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətovadır.

     Dünya mədəniyyəti tarixində özünəməxsus mövqeyi olan, əsərləri dünya şeir xəzinəsinin nadir inciləri sayılan Nizami Gəncəvi yaradıcılığı Azərbaycan bədii-estetik fikrinin inkişafında yeni, orijinal bir mərhələ təşkil edir. Nizami Gəncəvi dühası əsrlərlə Azərbaycan şairlərinin yaradıcılıq yolunu işıqlandıraraq XIX əsrə qədər öz ədəbi məktəbinin qapısını hər bir  yaradıcı insanın üzərinə açıq qoymuşdur.

      XX əsrdə isə şairin yaradıcılığının öyrənilməsinə marağın və ehtiyacın artması ilə yanaşı, şairin ədəbi şəxsiyyəti özü də ədəbiyyatın bədii obrazına çevrilmişdir. Bu ədəbi-bədii nümunələrdə yazarların təxəyyülünü qidalandıran mənbələrdən birincisi şairin öz poemaları olduğu kimi, ilk ədəbi qaynaqlar da əhəmiyyətli rol oynayırdı. Günümüzə qədər Nizami Gəncəvi obrazının təsvirinə həsr olunmuş kiçik və irihəcmli bədii nümunələr məhz həmin ilkin mənbələr əsasında yazılmışdırsa da, şairin obrazının dövrün ictimai-siyasi təfəkkürünün prizmasından işıqlandırılması  da yazarların təxəyyülünə təsirsiz ötüşməmişdir. Buna görə də şairin obrazının bədii əsərlərdə inikasının hərtərəfli öyrənilməsi və obyektiv ədəbiyyatşünas nəzər-nöqtəsindən keçirilməsi bugünkü elmimizin qarşısında duran aktual məsələlərdəndir.

     Monoqrafiya ədəbiyyatın bütün janrlarında şairin obrazının təsvirinin bədii cizgilərinin öyrənilməsinə həsr olunmuşdur.  İstər Azərbaycan ədəbiyyatı tarixində, istərsə də dünya ədəbiyyatı tarixində Nizami Gəncəvi qədər bədii ədəbiyyatda obraz olaraq canlandırılan və haqqında bədii əsər yazılan ikinci bir mütəfəkkir tapmaq çox çətindir.  Bu da Azərbaycan xalqının Böyük Azərbaycanlı Nizami Gəncəviyə olan sevgisinin, məhəbbətinin təzahüründən irəli gəlir.

     Monoqrafiyada dahi mütəfəkkir haqqında orta əsrlərdən bu günə qədər Azərbaycan bədii ədəbiyyatında yazılan bütün şeirlər, hekayələr, poemalar, romanlar və pyeslər tədqiq və təhlil süzgəcindən keçirilərək işıqlandırılmışdır.

   206 səhifədən ibarət olan monoqrafiya 200-dən çox mənbəyə istinadən qələmə alınmışdır.Monoqrafiya ədəbiyyatşünaslarla yanaşı, tarix, dilçilik, fəlsəfə və ümumən humanitar sahədə çalışan mütəxəssislər üçün əhəmiyyətli tədqiqat  əsəridir.

Nizami Gəncəvi Mərkəzinin direktoru professor X. Yusifli

İçtimaiyyətlə əlaqələr  şöbəsinin müdiri V. Tanrıverdiyev