XƏBƏRLƏR
08.05.2021 / Görüşlər
GƏNCƏ ŞƏHƏRİNİN BAŞ PLANINI HAZIRLAYAN QRUP AMEA GƏNCƏ BÖLMƏSİNDƏ OLMUŞDUR

     Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq böyük şəhərlərin baş planı hazırlanır. 

     Respublikamızın ikinci böyük sənaye və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin baş planınınn hazırlanmasına başlanılmışdır. Layihə Fransanın “Vasconi Architects” şirkəti və “Azərdövlətlayihə” İnstitutu tərəfindən həyata keçirilir.

     İşçi qrup AMEA-nın Gəncə Bölməsində şəhərdə görüləcək layihələr haqqında alimlərin fikri ilə tanış olmuşdur.

    Gəncə Bölməsinin  sədri, akademik Fuad Əliyev “Vasconi Architects” şirkətinin baş direktoru Tomas Şinkonun rəhbərlik etdiyi şirkətin departament üzvlərinə şəhərdə tarixən əlvan metallurgiya, yüngül, toxuculuq, xalça-mahud və aqro sənaye sahələrinin inkişaf etdiyini qeyd etmişdir.

Bununla yanaşı, şəhərimizdə elektronika, maşınqayırma sənayeləri də təşəkkül tapmışdır.

     Dünyanın ən vacib problemlərindən biri olan ekologiyanın qorunmasının günümüzün ən vacib məsələlərindən biri olduğunu qonaqların diqqətinə çatdıraraq şəhərimizi iki hissəyə bölən Gəncə çayının böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

     “Vasconi Architects” şirkətinin rəhbərliyinin diqqətinə çatdırılmışdır ki, Gəncə çayının bəzi hissələri beton örtük ilə tamamlanmış, ancaq burada böyük tikinti işlərinə ehtiyac vardır. Xüsusilə də çayın su hövzəsinin tamamlanması və cənub hissəsində yeni bir körpünün salınması şəhərin hər iki hissəsinin əlaqələrinin yaranmasına və yol nəqliyyat infrastrukturunun yaxşılaşmasına böyük müsbət təsir göstərəcəkdir.

     Görüşün  sonunda  Fransanın “Vasconi Architects” şirkətinin rəhbəri müzakirələrin əhəmiyyətini qeyd etmiş və Gəncə haqqında həm sənaye , həm də ekoloji problemlərin olduğunu bildirmişdir.

     Tomas Şinko Gəncənin qədim bir şəhər olduğunu qeyd edərək şəhərin Baş planı hazırlanarkən milli-mənəvi dəyərlərin, xüsusilə də Gəncə memarlığının qorunub-saxlanılmasının əsas şərtlərdən biri olacağını qeyd etmişdir. 

     Ümumi tanışlıqdan aydın olur ki, Gəncə böyük sürətlə inkişaf edən şəhərdir və layihə hazırlanarkən bütün bu məqamların nəzərə alınacağını bildirmişdir.

     Görüşün sonunda  qonaqlarla xatirə şəkli çəkildi.