AMEA GƏNCƏ BÖLMƏSİ BİORESURSLAR İNSTİTUTUNUN HESABATI
AMEA Gəncə Bölməsi Bioresurslar İnstitutunun “Qərb bölgəsinin bitki mənşəli təbii ehtiyatlarından və aqrosənaye tullantılarından alternativ enerji mənbəyi kimi yağların və bioloji-aktiv komponentlərin alınması” mövzusunda 2021-ci ildə apardıqları elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan hesabat dinlənilmişdir.
Hesabatda qeyd edilmişdir ki, institutda “ Qərb bölgəsinin bitki mənşəli təbii ehtiyatlarından və aqrosənaye tullantılarından alternativ enerji mənbəyi kimi yağların və bioloji-aktiv komponentlərin alınması” mövzusu üzrə işlər “Bitki mənşəli maddələrdən alınmış birləşmələrin məlhəm və yağlarda tətbiqi” və “Aqrosənaye tullantılarından bioloji-aktiv komponentlərin alınması” mərhələləri üzrə işlənmişdir.
Hesabatın müzakirəsində biologiya üzrə elmlər doktoru Aynur Bayramova, kimya üzrə fəlsəfə doktorları Mahirə Şərifova və İmran Qasımov, laboratoriya müdiri Mehriban Məmmədova və başqaları çıxış edərək aparılan elmi-tədqiqat işinin nəticələri haqqında öz rəylərini bildirmiş, hesabatı qənaətbəxş hesab etmişlər.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bitki mənşəli maddələrdə alınmış birləşmələrin məlhəm və yağlarda tətbiqinin əhəmiyyətindən danışmış, bir sıra tövsiyələr vermişdir.