XƏBƏRLƏR
13.06.2022 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsində akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildlik kitabının təqdimatı olub

   Müəllif ilə keçirilən görüşə elmi ictimaiyyətin nümayəndələri  qatılıblar.  AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev giriş sözü ilə çıxış edərək, ölkəmizin tanınmış ziyalısı Zyad Səmədzadəni salamlayıb, onun beşcildliyini Azərbaycan iqtisad elminə böyük töhfə kimi dəyərləndirib. O, həmçinin kitabın, bir ensiklopedik bilgilər mənbəyi kimi, iqtisadçı alimlər və gənc tədqiqatçılar üçün olduqca faydalı olduğuna diqqət çəkib. 

   Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  kafedra  müdiri,  iqtisad elmləri doktoru, professor  Məhiş  Əhmədov “Azərbaycan iqtisadiyyatı 100 ildə” kitablar toplusunu ölkəmizin müasir iqtisadi həyatında öz izi olan akademik Ziyad Səmədzadənin bu yöndə yarım əsrlik fəaliyyət və fndamental araşdırmalarının məhsulu kimi dəyərləndirib. O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatının bir əsrlik dövrü barədə  fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən bu nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib, ümumən 3 mindən çox  səhifəni əhatə edən beşcildlikdə 1000-dən artıq mənbəyə istinad olunub, 400-dən artıq cədvəl və qrafik yer alıb.

   Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  kafedra  müdiri,  iqtisad elmləri doktoru, professor  Məhərrəm  Hüseynov  çıxışında Ziyad Səmədzadənin məhsuldar və səmərəli elmi və ictimai  fəaliyyəti haqda söhbət açıb. O, qeyd edib ki, bu görkəmli iqtisadçı alım 500-dən çox əsərin müəllifidir, onun dünya ölkələrinin, o cümlədən Çinin iqtisadi  inkişaf yolu, neft iqtisadiyyatının xüsusiyyətləri və digər mövzularda analitik  əsərləri var. Çıxışçı həmçinin bölgələrdə elmi müdafiə şuralarının yaradılmasının da məhz Ziyad Səmədzadənin təşəbbüsü ilə gerçəkləşdiyini  vurğulayıb. 

   Azərbaycan  Texnologiya  Universitetinin  marketinq  kafedrasının dosenti,  iqtisadiyyat üzrə fəlsəfə doktoru  Nüşabə  Hacıyeva, AMEA-nın İqtisadiyyat  İnstitutunun  şöbə  müdiri,  iqtisad elmləri doktoru, professor Müşfiq  Atakişiyev, Milli Aviasiya Akademiyası hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev,  Gəncə  Dövlət  Universiteti  Menecment  və  turizm  işi  kafedrasının profesor  əvəzi,  iqtisad elmləri doktoru  Arzu  Həsənov, Gəncə  Dövlət  Universitetinin  Menecment   və  turizm  işi  kafedrasının müdiri,  iqtisadiyyat üzrə fəlsəfə doktoru  Əli Allahverdiyev öz çıxışlarında akademik Ziyad Səmədzadənin müasir Azərbaycan iqtisadiyyatının konseptual məsələlərinin yaradıcılarından biri kimi xarakterizə edərək, alimin son əsərini də dövlətçiliyimizin iqtisadi əsaslarının möhkəmlənməsi işinə xidmət kimi dəyərləndiriblər.

   Həmçinin qeyd edilib ki, müəllif kitabın beşinci cildini Qarabağ mövzusuna həsr edib. Bu cilddə XIX əsrdən başlayaraq indiyədək Azərbaycan ərazilərində gedən proseslər Azərbaycanın bu dövrdə üzləşdiyi milli və siyasi ədalətsizliklər, torpaqlarımızın işğalı və Vətən müharibəsində qazanılan Zəfərin tariximizdəki rolu kontekstində nəzərdən keçirilir.

   Kitabın müəllifi, akademik Ziyad Səmədzadə  çıxışında billdirib ki, beşcildliyin ərsəyə gəlməsinə əsas səbəb Ulu öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olub.

   “2001-ci il dövlət müstəqilliyimizin bərpasının 10 illiyinə həsr olunmuş mərasimdə Ümummilli Liderimiz diqqəti bir daha bu məsələyə cəlb etdi. Çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərkən, Ulu öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti, ötən əsrin 70-ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçirilməsini şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyinin, milli maraqlarının qorunması, iqtisadiyyatın strukturunun şaxələndirilməsi, tarazlı inkişafın, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə taleyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri, qarşıya qoyduğu məqsəd və vəzifələr ən vacib metodoloji baza kimi götürülüb” – deyə, Z. Səmədzadə  qeyd edib.

   Kitabın ana xəttinin üç fundamental prinsipə - milli maraqlar, iqtisadi təhlil və cəmiyyətin inkişafına söykəndiyini bildirən akademik Z. Səmədzadə “Bu materiallar Azərbaycanın gələcəyi üçündür” – deyə, o, vurğulayıb.

   Sonda akademik Fuad Əliyev bu möhtəşəm nəşrin ərsəyə gətirilməsinin iqtisad elmimizin gələcək tədqiqatlarına əhəmiyyətli təkan olduğunu qeyd edərək, akademik Ziyad Səmədzadəyə yeni uğurlar arzulayıb.