“Əlişir Nəvai və XXI əsr” mövzusunda beynəlxalq konfrans keçirilib
BÖYÜK ÖZBƏK ŞAİRİNİN YARADICILIŞINA HƏSR OLUNAN 8-Cİ KONFRANSA AMEA GƏNCƏ BÖLMƏSİNİN ALİMLƏRİ DƏ QATILIB
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əlişir Nəvai və XXI əsr” mövzusunda 8-ci beynəlxalq konfrans öz işinə başlayıb. Bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı sciense.gov.az məlumat verib.
Məlumatda bildirilir ki, iki gün davam edən konfrans AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və Özbəkistan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdən öncə Əlişir Nəvaiyə həsr olunmuş əsərlərdən ibarət sərgiyə baxış keçirilib.
Beynəlxalq konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq əvvəlcə Türkiyədə baş vermiş və insan tələfatı ilə nəticələnən güclü zəlzələ ilə bağlı qardaş ölkəyə başsağlığı verib.
Sonra Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Son illərdə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf etdiyini, Prezident İlham Əliyevin Türkiyə və Özbəkistanla bütün sahələrdə əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” anlayışının artıq genişlənməyə doğru getdiyini söyləyib.
Azərbaycanın Əlişir Nəvainin və nəvaişünaslıq elminin ikinci vətəni olduğunu deyən akademik diqqətə çatdırıb ki, 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindən başlayaraq ədibin əlyazmaları, əsərləri ölkəmizdə geniş yayılıb, tədqiqatlara cəlb olunub və xalqımız tərəfindən Füzuli, Nəsimi səviyyəsində qəbul olunur. Səməd Vurğunun “Əlişir Nəvainin Özbəkistanda doğulduğunu bilməsəydim, hesab edərdim ki, o, azərbaycanlıdır” sözlərini xatırladan akademik İsa Həbibbəyli bu gün də ölkəmizdə Nəvai irsinin dərindən öyrənildiyini, nəvaişünaslıq elmini zənginləşdirən əsərlərin ortaya qoyulduğunu, elmi işlərin yazıldığını söyləyib. Həmçinin 2020-ci ildə Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin açıldığını və uğurla fəaliyyət göstərdiyini bildirib. Öz növbəsində Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzinin yaradıldığını diqqətə çatdırıb.
Sonra akademik İsa Həbibbəyli Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinova sözügedən universitetdəki Füzulinin adını daşıyan mərkəzdə sərgilənməsi üçün Məhəmməd Füzulinin portreti əks olunan xalça hədiyyə edib.
Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktorları Ramiz Əskər, Yaşar Qasımbəyli və ADPU-nun professoru Elman Quliyev çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından, eləcə də konfransın əhəmiyyətindən danışıb, ölkəmizdə Əlişir Nəvai ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndiriblər.
Konfransda, həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurboy Cabbarov, İstanbul Mədəniyyət Universitetinin professoru Vahid Türk, Macarıstanın Etvos Loran Universitetinin kafedra müdiri Benedik Peri və Cənubi Koreyanın Dongduk Universitetinin professor Oh Eun-Kyung məruzələrlə çıxış ediblər.
Sonra tədbir öz işini panel iclasları ilə davam etdirib.
Qeyd edək ki, Bakıdakı beynəlxalq konfransın iştirakçıları sırasında AMEA Gəncə Bölməsinin elmi katibi, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov da olub. O, tədbirdə “Əlişir Nəvainin ustadı Nizami Gəncəvinin irsində yüksək bəşəri dəyərlərin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
“Bu mötəbər elmi tədbirə türk dünyasının müxtəlif ölkələrini təmsil edən yüzədək alim və tədqiqatçı iştirak edib. Dünya ədəbiyyatının, Şərq və Ümumtürk mədəniyyətinin iki görkəmli şəxsiyyəti – Şeyx Nizami Gəncəvi və onun mənəvi tələbəsi və davamçısı Əlişir Nəvainin irsinin yeni elmi müstəvidə ataşdırılmasına xidmət edən bu beynəlxalq konfransa Azərbaycan və Özbəkistanla yanaşı, Türkiyə, Macarıstan, Cənubi Koreya, Qırğızıstan alimləri qatılmışlar. Bu xüsusda, Nizaminin doğma yurdu Gəncəni təmsil etmək şərəfini daşımaq olduqca qürurvericidir. Əminik ki, görkəmli tarixçi, ədəbiyyatşünas, dilçi və filosof alimlərin məruzələrlə çıxış etdikləri bu elmi konfransda biz gənc alimlər üçün gələcək elmi araşdırmalarımıza yeni üfüqlər açılacaq, qarşılıqlı akademik əməkdaşlıqda daha böyük uğurlar əldə ediləcəkdir” – deyə, E. Həsənov bildirib.
AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin əməkdaşları da konfransa onlayn formatda qatılıblar. Mərkəzin şöbə müdiri Əlimuxtar Muxtarov da “Nizami Gəncəvidən Əlişir Nəvaiyədək” mövzusunda məruzə ilə çıxış edib.