“HİKMƏT YARPAQLARI”
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin əməkdaşları tərəfindən nəşr edilən “Hikmət yarpaqları” kitabı maraqlı tədqiqat nümunəsi kimi yaradıcılığı çox az tədqiq olunan, Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri, Nizami Gəncəvi soyuna mənsub şair Əli Şövqi Şeyxzamanlının həyat və yaradıcılığına həsr olunmuşdur.
Kitabda XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış istedadlı şairin ədəbi irsindən nümunələr, əlyazmaları yer almışdır.
Əli Şövqi Nizami Gəncəviyə bağlı şairlərdəndir, soyadının kökündə olan Şeyx Zaman XIX əsrin məşhur həkkaklarından biridir.
Kitabın transliterasiya, tərtib və önsözünün müəllifi professor Xəlil Yusifli yazır ki, Əli Muxtar oğlu Şövqi özünün yazdığına görə bugünkü təqvim ilə 1882-ci ilin mart ayının sonu və ya aprel ayının əvvəllərində Gəncədə anadan olmuşdur. Əvvəlcə evdə sonra isə məktəbdə təhsil alan Əli Şövqi türk, fars, rus dillərini öyrənmişdir. O, Tolstoyun əsərlərini rus dilində, Firdovsinin “Şahnamə”sini farsca oxumaq qabiliyyətinə malik olmuş, farsca gözəl şeirlər yazmışdır. İlk şeirlərini Şeyx imzası ilə yazan şairin sonradan Şövqi təxəllüsü götürməsi haqqında kitabda ətraflı məlumat verilir.
Professor Xəlil Yusifli kitaba yazdığı önsözündə qeyd edir ki, Əli Şövqinin yaradıcılığı öz müasirlərinin yaradıcılığına təsir etmiş, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələr yaradıcılığında dərin iz buraxmışdır. 1905, 1918 və 1920-ci illərdə baş verən qanlı hadisələr onun yaradıcılığında öz geniş əksini tapmış, hələ o vaxt ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələri dərin ürək ağrısı ilə qələmə almış, rus və erməni fitnələrinin qurbanı olub doğma torpağından didərgin düşən, doğma yurd-yuvasını tərk edən soydaşlarımızın faciəvi həyatını kəskin poetik dillə təsvir etmişdir.
Əli Şövqi yaradıcılığına Məhəmməd Füzulinin təsiri xüsusilə nəzərə çarpır. Dahi şairin dövrün ağrı-acılarından bəhs edən “Olandan sor” rədifli şeirinə yazdığı nəzirədə bu özünü daha qabarıq göstərir. Əli Şövqidə nəzirənin tələblərinə tam əməl edilməsə də, qafiyə başqa cür olsa da, fikrin obrazlı təsviri, ideya çox yaxındır.
M. Füzuli yazır:
Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.
Əli Şövqi yazır:
Bilirmi əğniyalar qış günü yoqsulların halın?
Bu əhvalı özü qaçqın, evi talan olandan sor.
Professor xüsusi vurğulayır ki, Əli Şövqi qəlbi, ruhu insanlıq, gözəllik, vətən üçün döyünən istedadlı bir şairdir, o, unudulmağa deyil, öyrənilməyə, araşdırılmağa, əsərləri oxunmağa layiq bir sənətkardır. AMEA Gəncə Bölməsinin nəşr etdiyi yeni kitab şairin unudulmaqda olan maraqlı və zəngin ədəbi irsinin araşdırılıb-öyrənilməsinə və nəşrinə sanballı töhfədir. “Hikmət yarpaqları” kitabı Əli Şövqi Şeyxzamanlı ədəbi irsini tədqiq edənlər üçün qiymətli bir mənbədir.
Vaqif Tanrıverdiyev