XOCALI SOYQIRIMININ 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS
Bu il Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 30 ili tamam olur. Bu münasibətlə 24 fevral 2022-ci il tarixində AMEA-nın Gəncə Bölməsində elmi-praktik konfrans keçirilmişdir.
İlk öncə konfrans iştirakçıları Gəncə Bölməsinin foyesində açılmış Xocalı soyqırımının dəhşətlərini əks etdirən foto və kitab sərgisi ilə tanış olmuşlar.
Tədbir Xocalı soyqırımında şəhid edilmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü haqqında Sərəncamında qarşıya qoyulmuş vəzifələri qeyd etmiş və onların yerinə yetirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır.
Akademik Fuad Əliyev qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xankəndində yerləşən 366-cı alayın iştirakı ilə Xocalı şəhərinə hücum etmiş, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Faciə nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 150 nəfər itkin düşmüş, 1275 nəfər isə girov götürülmüşdür.
Elmi-praktik konfransın iştirakçıları Xocalı soyqırımından bəhs edən video çarxa tamaşa etdikdən sonra konfrans öz işini davam etdirmiş, məruzələr dinlənilmişdir.
Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov “Xocalı soyqırımı insanlığa qarşı kütləvi terror hadisəsidir” adlı məruzəsində Xocalı soyqırımı haqqında ətraflı məlumat vermiş, qeyd etmişdir ki, erməni terrorunun əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə gəldikdən sonra açıqlanmışdır. Məhz ilk dəfə 1994-cü ilin fevralında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Xocalı soyqırımına siyasi qiymət verilməsinin varislik ənənəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uzaqgörənliklə davam etdirilmiş, onun müdrik siyasəti nəticəsində Xocalı soyqırımının dünya içtimaiyyətinə tanıdılması yolunda mühüm addımlar atılmışdır.
Diyarşünaslıq İnstitutunun elmi katibi Mətanət Əliyevanın “Soyqırım – Ümumdünya Konvensiyasının qəbul etdiyi hüquqi akt”, Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Xocalı soyqırımının Azərbaycan bədii ədəbiyyatında əks-sədası”, Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyevanın “Folklorumuz xalqın qan yaddaşıdır”, Nizami Gəncəvi Mərkəzinin kiçik elmi işçisi, dissertant Leyla Kərimovanın “Xocalı harayı” mövzusunda məruzələri dinlənilmişdir.
Çıxışlarda qeyd edilmişdir ki, Xocalı faciəsini ermənilərin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırım və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi dəyərləndirən ölkə başçısının uzaqgörən, qətiyyətli siyasəti nəticəsində hazırda dünyanın 21 dövləti Xocalı qətliamını əsl soyqırım kimi tanıyır və qəbul edir. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasının erməni faşizminin insanlığa qarşı cinayətkar əməllərinin ifşa edilməsində xüsusi rolu vardır.
Soyqırımın beynəlxalq səviyyədə tanınması da onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları bəşəriyyətə qarşı vandalism aktı olaraq pisləyir, bu qeyri-insani hərəkətlərin yolverilməz olduğunu bildirir.
Elmi-praktik konfrans başa çatdıqdan sonra konfrans iştirakçıları Gəncə şəhərindəki Xocalı qəsəbəsində faciə qurbanlarının xatirəsinə ucaldılmış, müəllifi AMEA-nın Gəncə Bölməsinin əməkdaşı heykəltəraş Asəf Həsənov olan “Ana harayı” abidə-kompleksini ziyarət etmiş, abidə önünə tər qərənfillər düzmüşlər.
https://www.youtube.com/watch?v=dGTxjI1ecGo