XƏBƏRLƏR
26.12.2022 / Konfranslar, iclaslar
Gəncənin tarixinə dair konfrans

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  2022-Cİ İLİN “ŞUŞA ILI” ELAN EDİLMƏSİ HAQQINDA 5 YANVAR 2022-Cİ İL TARXLİ SƏRƏNCAMININ MÜDDƏALARINA UYĞUN OLARAQ, AMEA GƏNCƏ BÖLMƏSİ TƏRƏFİNDƏN “ŞUŞA İLİ”NƏ HƏSR EDILMIŞ “GƏNCƏ TARIXININ AKTUAL PROBLEMLƏRI” MÖVZUSUNDA İKİ GÜNLÜK RESPUBLIKA ELMI KONFRANSI KEÇIRILIB

 

   Konfransa Bakı, Gəncə, Şəki və Lənkaran şəhərlərindəki elm və ali təhsil ocaqlarını təmsil edən tədqiqatçılar qatılıb.

    İştirakçılar Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət ediblər.

   Konfransda  Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və onun birinci müavini Səməd Tomuyev də iştirak ediblər.

   Konfransın açılışında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  çıxış edib. O, Azərbaycanın istər qədim, istərsə də müasir tarixində Gəncənin əhəmiyyətli rol oynadığını vurğulayaraq, bu elmi tədbirin iştirakçılarına uğurlar arzulayıb.

   AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev şəhərin tarixinin müxtəlif dövrlərinə aid tədqiqatları əhatə edən iki günlük konfransda maraqlı məruzələrin olduğunu vurğulayıb.

   Elmi konfrans “Gəncə şəhəri qədim və orta əsrlər dövründə”, “Dövlətçilik tariximizdə Gəncə şəhərinin əhəmiyyəti” və “Müasir dövrdə Gəncə şəhərinin inkişafı” mövzularına aid 3 bölmə üzrə aparılıb. Konfrans ərəfəsində təqdim edilmiş  ümumən 76 məruzədən  elmi komissiyanın qərarına əsasən 38-i seçilərək konfransın proqramına daxil edilib.

   İştirakçıların bir qismi bölmə iclaslarına onlayn qatılıb.

   Məruzələr ətrafında geniş müzakirələr aparılıb.