XƏBƏRLƏR
07.06.2023 / Görüşlər
Qərib Mehdinin 50-ci kitabının işıq üzü görməsi münasibətilə AMEA Gəncə Bölməsində bu tanınmış yazıçı ilə görüş keçirilib

“XATIRLA Kİ, YAŞAYIM” ADLI KİTABDA İCTİMAİ VƏ MƏDƏNİ HƏYATIMIZDA İZ QOYMUŞ 100 ŞƏXS HAQDA PUBLİSİSTİK YAZILAR YER ALIB

 

   Tanınmış nasir, dramaturq, şair, publisist, əməkdar jurnalist Qərib Mehdinin yeni çapdan çıxmış, necə deyərlər, “yubiley rəqəmli” kitabı AMEA Gəncə Bölməsində təqdim və müzakirə olunub. Qocaman yazıçının və onun yeni kitabının görüşünə Bölmənin əməkdaşları ilə yanaşı Gəncənin yaradıcı mühitinin təmsilçiləri də qatılıblar.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görkəmli qələm ustasını bu elm ocağında görməkdən və onunla ünsiyyətdən şad olduğunu dilə gətirərək, yazıçını yeni  kitabının çapı münasibətilə təbrik edib. O, Qərib Mehdini Nizami yurdunun, eləcə də ölkəmizin ədəbi-publisistik mühitinin nəhəng şəxslərindən biri kimi xarakterizə edərək, onun qələminin hər bir məhsulunun yüksək dəyərləri tərənnüm erdiyini vurğulayıb.

   Görüşdə çıxış edənlərdən Gəncə Dövlət  Universitetinin dosenti, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Bayram Apoyev, AMEA Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Tarix şöbəsinin müdiri, fililogiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxrtarov,  Gəncə şəhəri Mir Cəlal Paşayev Ev-Muzeyinin direktoru İradə Paşayeva,  “Gəncənin səsi” qəzetinin əməkdaşı, publisist Firəngiz İsmayılova, eləcə də AMEA Gəncə Bölməsinin əməkdaşları - filoloqlar, elmin digər sahələrində çalışan ədəbiyyatsevərlər Qərib Mehdinin ömür və yaradıcılıq yolunun, onun əsərlərinin xüsusiyyət və məziyyətlərindən danışıb, yazıçının Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyduğunu qeyd ediblər.

   87 yaşlı qocaman yazıçı öz çıxışında kitabında 50 nəfəri Gəncədə, 50 nəfəri isə Bakıda yaşamış, ictimai və mədəni həyatımızda iz qoymuş, dünyasını dəyişmiş görkəmli şəxslərlə bağlı xatirələrdən ibarət olan “Xatırla ki, yaşayım” adlı 50–ci kitabının Gəncənin başlıca elm ocağında müxtəlif yaş nəsillərini təmsil edən insanların diqqətinə təqdim etməkdən məmnun olduğunu bildirib. Qərib Mehdi bu görüşün təşkilinə və Gəncənin yaradıcı insanlarına həssas münasibətə görə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə və onun rəhbərlik etdiyi bu elm ocağının kollektivinə təşəkkür edib. O, yazıçı üçün hər bir əsərin mənəvi və fəlsəfi yükünün cəmiyyətə təsirinin vacibliyinə də diqqət çəkib.

   Görüşün sonunda dəyərli anı əbədiləşdirən xatirə fotosu çəkilib.