XƏBƏRLƏR
06.11.2021 / Konfranslar, iclaslar
“VƏTƏN MÜHARİBƏSİNDƏ AZƏRBAYCAN QADINI” MÖVZUSUNDA KONFRAS KEÇİRİLMİŞDİR

     AMEA Gəncə Bölməsində AMEA-nın Gəncə Bölməsinin rəhbərliyi və Qadın təşkilatının təşəbbüsü ilə Vətən müharibəsində şanlı qələbəmizin ildönümünə həsr edilmiş “Vətən müharibəsində Azərbaycan qadını”   mövzusunda  konfrans keçirildi.     

     Konfransda  torpaqlarımızın  işğaldan azad edilməsi uğrunda döyüşlərdə  həlak olmuş  şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla  yad edildi. 

     Tədbiri  giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev konfrans iştirakçılarını 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbə münasibətilə təbrik etdi, ölkə başçısı, Ali Baş Komandanın  rəhbərliyi ilə  əldə olunan qələbədə qadınların da iştirakını xüsusi vurğuladı.  Qəhrəman əsgəri ana  həyata gətirir, tərbiyə edir, istəkləri də odur ki, övladı vətəni, torpağı sevsin, əsl vətənpərvərlər kimi böyüsün.   Ölkə rəhbəri, müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi  nəticəsində  30 illik həsrətə son qoyuldu,  şanlı 44 gün ərzində  işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi.  Bu zəfər yürüşündə  oğullarını xeyir-dua ilə cəbhəyə yola salan analar Azərbaycan qadınının məğrurluq  göstəricisidir.  Qarabağ uğrunda canından keçən  şəhidlərimizi və vətən uğrunda qəhrəmancasına vuruşan  qazilərimizi  dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu,  vətən sevgisini aşılayan, düzgün tərbiyə edən  məhz Azərbaycan qadınıdır.

     Akademik  böyük qələbəyə qadınlarımızın  verdiyi  töhfələrlə bağlı maraqlı faktlar  söylədi,    uğurları ana  tərbiyəsinin nəticəsi kimi dəyərləndirərək  Bölmənin qadınlar təşkilatının  təşkil etdiyi  konfransın  əhəmiyyətini  xüsusi vurğuladı. 

     AMEA Gəncə Bölməsi Qadın təşkilatının sədri Mətanət Əliyeva “Azərbaycan qadını və dövlətçilik” adlı məruzəsində Azərbaycan qadınlarının tarix boyu torpaqlarımızın toxunulmazlığı, doğma el-obanın əmin-amanlığı uğrunda kişilərlə bərabər mübarizə aparması, hünər, cəsarət, vətənpərvərlik, müdriklik nümunələri göstərməsindən danışmışdı,  müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini vurğulayaraq onu Azərbaycan qadınının tarixən dövlətçilik yolunda göstərdiyi qəhrəmanlıqların layiqli davamçısı adlandırdı.

     Konfransda qadın təşkilati idarə heyətinin üzvü Mehriban Məmmədovanın  “Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva müasir Azərbaycan qadınının parlaq təcəssümüdür”, elmi işçi Vüslə Hüseynovanın  “Tarixdə Azərbaycan qadınının rolu”, elmi işçi  Leyla Kərimovanın “Müharibə və qadın”, Bölmənin qadın təşkilatı idarə heyətinin  üzvü Təranə Verdiyevanın “Vətən savaşında Azərbaycan anası”,  baş laborant  Fatimə Qurbanovanın “Qarabağ müharibəsi:Tarix yazan qəhrəmanlar”, qadın təşkilatı idarə heyətinin üzvü  Nailə Mirzəyevanın  “AMEA Gəncə Bölməsi əməkdaşları Vətən müharibəsində”, elmi işçi Türkan Verdiyevanın “Tarixdə ilklərə imza atmış Azərbaycan qadınları”  mövzusunda  məruzələri dinlənildi, bütün tarix boyu  ölkəmizin taleyüklü məqamlarında kişilərlə çiyin-çiyinə mübarizə apan qəhrəman qadınlar haqqında maraqlı faktlar  söyləndi.

     Konfransda müzakirə olunan  məsələ ilə bağlı geniş fikir mübadiləsi oldu, bir sıra dəyərli təkliflər səsləndi. 

    Akademik Fuad Əliyev  konfransa yekun vuraraq  tədbirin əhəmiyyətini yüksək dəyərləndirdi,  dərin məzmunlu,   tarixi faktlar və elmi dəlillərlə zəngin olan məruzələrin toplanıb, monoqrafiya  şəklində nəşr olunmasını tövsiyə etdi.