XƏBƏRLƏR
13.01.2022 / Müsahibələr, çıxışlar
AMEA GƏNCƏ BÖLMƏSİNİN 2021-Cİ İLDƏKİ ELMİ TƏDQİQAT İŞLƏRİNİN HESABATI

    Azərbaycan Milli Elmlər  Akademiyası  Rəyasət Heyətinin növbəti  yığıncağında AMEA Gəncə Bölməsinin  2021-ci ildəki  elmi tədqiqat və elmi təşkilatı işlərin hesabatı dinlənilmişdir.

     AMEA  Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  hesabat  məruzəsində qeyd etmişdir ki,  Gəncə Bölməsinin elmi müəssisələrinin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin, AMEA-nın Rəyasət Heyəti və Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam və qərarlar əsasında həyata keçirilmişdir.

     Bölmənin elmi müəssisələrində əsasən Neft və neft məhsulları tullantılarının yeni sintez edilmiş adsorbentlər əsasında kanserogen birləşmələrdən təmizlənməsi, Qərb bölgəsinin sənaye və aqrosənaye tullantılarının pasportlaşdırılması və onların əsasında yeni texnoloji üsulların hazırlanması, təbii ehtiyatlar və tullantıların fiziki-kimyəvi analizi, Yağlar və məlhəmlərin bioloji-aktiv birləşmələr əsasında alınması, Bölgənin ekoloji problemlərinin tədqiqi və onların həlli, Qərb bölgəsinin su və torpaq ehtiyatlarının araşdırılması, Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi, Qarabağ ilə Gəncə arasında tarixi münasibətlərin araşdırılması, mütəfəkkirlərin həyat və yaradıcılığının öyrənilməsi, arxiv mənbələri, arxeoloji və etnoqrafik materiallar əsasında Gəncə tarixinin tədqiq edilməsi üzrə elmi tədqiqat  işləri aparılmışdır.

     Bölmənin elmi müəssisələrində Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş plana əsasən 13 problemi əhatə edən 23 mövzu, 30 iş, 51 mərhələ üzrə tədqiqatlar aparılmışdır.

      Hesabat ilində 14 iş və 41 mərhələ tamamlanmış, 1 patent və 7 mühüm nəticə alınmışdır.

    Məruzəçi Gəncə Bölməsinin nəzdində fəaliyyət  göstərən müəssisələrin,   gənc alim və mütəxəssislər şurasının il  ərzində həyata keçirdikləri  elmi tədqiqat işləri barədə məlumat vermişdir.  Qeyd etmişdir ki, Naftalan nefti və tullantılarını kanserogen birləşmələrdən təmizləmək məqsədilə bentonit-seolit əsasında yeni tərkibli adsorbentlər hazırlanmış, onların adsorbsiya xüsusiyyətləri tədqiq edilmişdir.

   Qərb bölgəsinin boyaq bitkiləri və tullantılarından boyaların alınması, onların tətbiq sahələrinin müəyyən olunması istiqamətində tədqiqat işləri davam etdirilmişdir.

    Təbii ehtiyatlardan səmərəli istifadə olunması və sənaye tullantılarının təkrar emala cəlb edilməsi məqsədilə tullantılar pasportlaşdırılmışdır.

    Hesabat ilində  Qərb regionunun su ehtiyatlarının ekoloji monitorinqi aparılmışdır.

    Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Mikrobiologiya İnstitutu ilə birlikdə Azərbaycanın qərb rayonlarının atmosfer çöküntülərində ağır metalları təyin edilmişdir.

     Korçay dövlət qoruğunun flora biomüxtəlifliyi öyrənilmiş, mamırların növ tərkibi və yayılma qanunauyğunluqları müəyyən edilmiş, mamır florasının bioekoloji xüsusiyyətləri və səmərəli istifadəsi tədqiq olunmuşdur.

     Akademik Fuad Əliyev qeyd etmişdir ki,  Qarabağ bölgəsinin tarixinə həsr edilmiş “Gəncə və Qarabağ xanlıqları arasında münasibətlər” mövzusu arxiv sənədləri əsasında araşdırılmış, Qarabağ ermənilərinin mənşəyi və onların Qarabağda yerləşdirilməsi tarixi tədqiq edilmişdir.

     “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin həyat və yaradıcılığının tədqiqi davam  etdirilmiş, “Nizami Gəncəvi lirikası və ...”, “Nizami Gəncəvinin şəcərə tarixi”, “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda”, “Nizaminin musiqi dünyası”, “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı”, “Nizami Gəncəvi poeziyasının Azərbaycan bəstəkarlarının vokal əsərlərində təcəssümü” və “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” monoqrafiyaları, “Nizamişünaslıq” jurnalının xüsusi buraxılışı nəşr olunmuşdur.

     Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ərəfəsində şairin bədii irsinin tədqiqi, təbliği və öyrənilməsi sahəsindəki fəaliyyətinə görə bölmənin bir qrup əməkdaşı AMEA Rəyasət Heyətinin və AMEA İctimai və Humanitar Elmlər Bölməsinin Fəxri fərmanları, Respublika Mədəniyyət Nazirliyinin Xatirə Nişanları, Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə Bölməsinin Fəxri fərmanları ilə təltif olunmuşlar.

     Bölmə alimləri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilmiş 20-dən artıq beynəlxalq və respublika səviyyəli konfranslarda məruzələrlə çıxışlar etmişlər.

     Hesabat ilində Bölmənin Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin   əldə etdikləri elmi nailiyyətləri impakt faktorlu jurnallarda 27 məqalə, beynəlxalq və Respublika səviyyəli konfrans məcmuələrində 11 tezis şəklində nəşr edilmişdir.

     Vətən müharibəsi şəhidlərinin yad olunması məqsədilə “Vətən müharibəsi Gəncə şəhidləri” adlı kitab nəşr edilmiş və Zəfər günündə təqdimatı keçirilmişdir.

    Gəncə Bölməsi  hesabat ilində də beynəlxalq elmi əməkdaşlığı uğurla davam etdirmiş, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda onlayn surətdə iştirak etmişdir.

    Gəncə Bölməsinin elmi-təşkilati fəaliyyəti haqqında 60-dan çox məqalə internet saytlarında, qəzet və jurnallarda işıqlandırılmışdır.

     Hesabat ilində Gəncə Bölməsinin əməkdaşları tərəfindən 7 kitab, 4 monoqrafiya, 2 dərslik, 92 məqalə (31-i xaricdə), 75 tezis (17-i xaricdə) dərc edilmişdir.

     Hesabat yığıncağında  AMEA Gəncə Bölməsinin il ərzində həyata keçirdiyi elmi tədqiqat və elmi təşkilati işlər  qənaətbəxş hesab edilmişdir.