XƏBƏRLƏR
24.02.2022 /
XOCALI SOYQIRIMININ 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS

   Bu il Azərbaycan  tarixinin  ən dəhşətli  səhifələrindən biri olan Xocalı  soyqırımının  30 ili tamam olur. Bu münasibətlə 24 fevral 2022-ci il tarixində AMEA-nın Gəncə Bölməsində elmi-praktik konfrans keçirilmişdir.

   İlk öncə konfrans iştirakçıları Gəncə Bölməsinin foyesində açılmış Xocalı soyqırımının dəhşətlərini   əks etdirən  foto və kitab sərgisi ilə tanış olmuşlar.

   Tədbir Xocalı soyqırımında şəhid edilmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

   Tədbiri giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  Azərbaycan Respublikasının Prezidenti, cənab  İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü haqqında Sərəncamında qarşıya qoyulmuş vəzifələri qeyd etmiş  və onların yerinə yetirilməsinin əhəmiyyətini  xüsusi vurğulamışdır.

   Akademik Fuad Əliyev qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri  beynəlxalq hüququn norma və prinsiplərini  kobudcasına pozaraq  Xankəndində yerləşən 366-cı alayın iştirakı ilə  Xocalı şəhərinə hücum etmiş,  dinc əhaliyə  misli görünməmiş  qəddarlıqla divan tutmuşdur. Faciə nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə  ağlasığmaz vəhşiliklə  qətlə yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 150 nəfər itkin düşmüş,  1275 nəfər isə girov götürülmüşdür.

   Elmi-praktik konfransın  iştirakçıları  Xocalı soyqırımından bəhs edən video çarxa tamaşa etdikdən sonra konfrans öz işini davam etdirmiş, məruzələr dinlənilmişdir.

   Diyarşünaslıq  İnstitutunun Tarix  şöbəsinin müdiri, professor Həsənbala Sadıqov  “Xocalı soyqırımı insanlığa qarşı kütləvi terror hadisəsidir” adlı  məruzəsində  Xocalı soyqırımı  haqqında ətraflı məlumat vermiş, qeyd etmişdir ki, erməni terrorunun əsl mahiyyəti yalnız Ümummilli Lider  Heydər Əliyev  1993-cü ildə yenidən  siyasi hakimiyyətə  gəldikdən  sonra açıqlanmışdır. Məhz ilk dəfə 1994-cü ilin fevralında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.  Xocalı  soyqırımına siyasi qiymət verilməsinin varislik ənənəsi  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  tərəfindən  uzaqgörənliklə davam etdirilmiş,  onun  müdrik siyasəti nəticəsində  Xocalı soyqırımının  dünya içtimaiyyətinə tanıdılması  yolunda  mühüm addımlar atılmışdır.

   Diyarşünaslıq İnstitutunun  elmi katibi  Mətanət Əliyevanın  “Soyqırım – Ümumdünya Konvensiyasının  qəbul etdiyi hüquqi akt”,  Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun   “Xocalı soyqırımının  Azərbaycan bədii ədəbiyyatında əks-sədası”,  Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru  Ruziyə Quliyevanın  “Folklorumuz xalqın qan yaddaşıdır”,  Nizami Gəncəvi Mərkəzinin kiçik elmi işçisi, dissertant Leyla Kərimovanın  “Xocalı harayı”  mövzusunda  məruzələri dinlənilmişdir.

   Çıxışlarda   qeyd edilmişdir ki, Xocalı faciəsini ermənilərin   yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı  soyqırım və etnik təmizləmə siyasətinin qanlı səhifəsi  kimi dəyərləndirən  ölkə başçısının uzaqgörən, qətiyyətli siyasəti nəticəsində  hazırda dünyanın  21  dövləti Xocalı qətliamını əsl soyqırım kimi tanıyır və qəbul edir.   Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə keçirilən  “Xocalıya ədalət” kampaniyasının   erməni  faşizminin  insanlığa  qarşı  cinayətkar əməllərinin ifşa edilməsində  xüsusi rolu  vardır.

   Soyqırımın  beynəlxalq səviyyədə tanınması  da onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları bəşəriyyətə qarşı vandalism aktı olaraq pisləyir, bu qeyri-insani hərəkətlərin yolverilməz olduğunu bildirir.      

   Elmi-praktik konfrans başa çatdıqdan sonra konfrans iştirakçıları  Gəncə şəhərindəki  Xocalı qəsəbəsində faciə qurbanlarının xatirəsinə ucaldılmış, müəllifi AMEA-nın Gəncə Bölməsinin əməkdaşı heykəltəraş Asəf Həsənov olan  “Ana harayı”  abidə-kompleksini ziyarət etmiş, abidə önünə tər  qərənfillər düzmüşlər.

 

 

 

https://www.youtube.com/watch?v=dGTxjI1ecGo