XƏBƏRLƏR
25.02.2022 / Konfranslar, iclaslar
AMEA GƏNCƏ BÖLMƏSİ “ŞUŞA İLİ”NƏ HƏSR EDİLƏN KONFRANSDA TƏMSİL OLUNMUŞDUR

   Fevralın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Şuşa İli“nə həsr edilən “Münaqişədən sonrakı (Postkonflikt) vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda II Beynəlxalq Elmi Konfrans öz işinə başlamışdır.

   Konfransın açılış mərasimini və plenar iclası ADNSU-nun rektoru, professor Mustafa Babanlı açıq elan etmiş və “Azərbaycanda bərpa olunan enerji sahələrinin inkişafı” mövzusunda geniş təqdimatla çıxış etmişdir. Ölkəmizin alternativ enerji potensialından və bərpa olunan enerji ehtiyatlarının inkişaf etdirilməsindən danışan rektor, professor M.Babanlı Azərbaycanda alternativ enerjiyə keçid üçün kifayət qədər baza olduğunu qeyd etmişdir.

   Ölkəmizlə yanaşı, dünyanın 10-a qədər dövlətindən olan 100-dən artıq alim və tədqiqatçıların iştirak etdiyi beynəlxalq elmi konfransda dünya şöhrətli alim, professor, AMEA-nın müxbir üzvü, Lütfizadə irsinin davamçısı Rafiq Əliyev, professor Namiq Yusifbəyli, professor Camal Mustafayev kimi alimlər məruzələrlə çıxışlar etmişlər.

   Plenar iclasda Gəncə şəhərini AMEA Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər Şurasının sədri Elnur Həsənov “Gəncə Səbzikar abidəsi bəşəriyyətin mədəni irs nümunəsidir” mövzusunda elmi məruzə ilə təmsil etmişdir.

   Daha sonra konfrans 7 elmi istiqamət üzrə bölmələrdə işini davam etdirmişdir. Qeyd edək ki, konfransa 127 elmi məruzə qəbul olunmuşdur. Beynəlxalq elmi konfrans fevralın 25-də yekunlaşacaqdır.