XƏBƏRLƏR
28.06.2022 / Mühüm hadisələr
GƏNCƏDƏ QAFQAZ İSLAM ORDUSUNUN İLK ŞƏHİDLƏRİNİN XATİRƏ ABİDƏSİNİN AÇILIŞI OLUB

TƏDBİR ZAMANI AMEA GƏNCƏ BÖLMƏSİ TƏRƏFİNDƏN ÇAP EDİLMİŞ  “TÜRKİYƏ – AZƏRBAYCAN ƏBƏDİ AMAL BİRLİYİNİN GƏNCƏ SƏHİFƏLƏRİ” ADLI KİTAB DA TƏQDİM EDİLİB

   Millətimizin taleyi üçün həlledici tarixi məqamda – 1918-ci ilin iyununda, Nuri paşanın komandanlığı altnda Azərbaycan Cümhuriyyətinin (1918-1920)  xilası üçün Qafqaz İslam Ordusu adı altında Gəncəyə gəlmiş Türkiyə silahlı hissələrinin buradakı ilk əməliyyatları zamanı şəhid olmuş 13 nəfər əsgərinin xatirəsinin əbədiləşdirilməsi naminə həmin şəhidlərin dəfn olduğu yerdə - 17-ci əsrin yadigarı olan Şah Abbas Məscidinin qoşa minarələri yaxınlığında iki qardaş dövlətin bayraqları ilə əhatələnən mərmər abidənin inşası başa çatıb.

      26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə həmin abidənin açılışı tarixi bir hadisə kimi yadda qalıb.

  Təntənəli aşılış mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zəki Öztürk, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan – Türkiyə İşadamları Birliyinin (ATİB) sədri Camal Yanğın, bölgəni təmsil edən millət vəkilləri, Azərbaycanın və Türkiyənin silahlı qüvvələrinin yüksək rütbəli zabitləri, hər iki ölkənin işgüzar dairələrinin, dini qurumlarının təmsilçiləri, YAP şəhər təşkilatının, dövləti və ictimai  qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, ziyalılar, gənclər və incəsənət adamları iştirak ediblər.

   Gəncə şəhərinin rəhbəri Niyazi Bayramov çıxışında qeyd edib ki, Qafqaz İslam Ordusunun Gəncədə qəhrəmancasına şəhid olan 13 əsgərinin xatirəsinə həsr olunan abidə hər iki ölkə arasında olan dostluq və qardaşlığın sarsılmazlığının, əqidə birliyinin daha bir nümunəsidir və bu abidənin Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə  açılması tarixi bir hadisə kimi yadda qalacaq.

   Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zəki Öztürk çıxışında 104 il əvvəl Gəncədə qəhrəmancasına həlak olmuş türk əsgərlərinin şəhidlik tarixçəsi və onların dəfn olunduğu yerin necə dəqiqləşdirilməsinin təfərüatlarına da toxunub.

   “Nuri paşa komandanlığı altında Gəncəyə gələn hərbi qüvvə heyətindən 13 nəfər əsgər bu yerlərdə təxribatlar törədən erməni yaraqlılarının tərksilah edilməsi prosesi zamanı şəhid olub. Bu haqda Nuri paşanın raportlarında da məlumat var. Həmçinin bu tərksilah əməliyyatında iştirak edən, Çanaqqala döyüşlərində və Mustafa Kamal hərəkatında da yer almış Ahmet Mucib Kamalyeri adlı bir hərbçimizin yazmış olduğu “Azərbaycan hərəkatı” adlı kitabda  müəllif qeyd edir ki, iyunun 11-də komandanlıq onları ermənilərin silahlarını təhvil alamağa göndərib. Ermənilərin könüllü surətdə öz silahlarını təhvil verəcəkləri razılaşdırılıbmış. Amma ermənilər verdikləri sözə naxələflik ediblər və qəflətən hücuma keçib, atəş açıblar. Əsgərlərimiz var gücü ilə döyüşərək, erməni silahlılarının layiqli cəzasını veriblər. Təəssüf ki, dörd nəfər əsgərimiz oradaca şəhid olub, yaralanan döyüşçülərimizdən isə 9 nəfəri bir müddət sonra həyatını itirib. Ahmet Mucib Kamalyeri sonra Bakının işğaldan azad edilməsi, həmçinin Qarabağ əməliyyatlarında da iştirak edib. Vətənə döndükdən sonra da şərəfli mübarizə və xalqa xidmət yolu keçib” – deyə, o, bildirib.

   Baş konsul həmçinin abidənin ərsəyə gətirilməsi yönündə çalışmalarda Gəncə şəhər İcra Hakimiyyətinin, AMEA Gəncə Bölməsinin, yerli media işçilərinin, eləcə də ATİB-in səylərini yüksək qiymətləndirib və bu işdə əməyi keçən hər kəsə minnətdarlıq ifadə edib.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev öz çıxışında Türkiyə-Azərbaycan qardaşlığının tarixi köklərindən danışıb, Nuri paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun  məhz Gəncədə Türk və Azərbaycan birləşmiş hərbi qüvvəsi kimi formalaşdırıldığını da qeyd edib. O, həmçinin bugünki əlamətdar tarix münasibətilə Gəncə ziyalılarının kiçik töhfəsini – AMEA Gəncə Bölməsi tərəfindən hazırlanan “Türkiyə - Azərbaycan əbədi amal birliyinin Gəncə səhifələri” adlı kitabı da təqdim edib. Akademik F. Əliyev bu kitabın tarixin həlledici dönəmlərində qardaş ölkələrimizin ümumi milli maraqlarının formalaşdırılması və inkişafına dair tədqiqat materiallarından ibarət olduğunu diqqətə çatdırıb.

   Açılış mərasimindəki nitqində Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahid Bağçı tarixin ən taleyüklü anlarında Türkiyənin  öz qardaşı Azərbaycanın yanında olduğunu vurğulayıb. O, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” ifadələrinin ölkələrimizin sarsılmaz birliyinin təcəssümü olduğununu qeyd edib. C. Bağçı həmçinin Nuri paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Gəncədən Bakıyacan keçdiyi şanlı döyüş yolu boyu rastımıza çıxan əsgər məzar və abidələrin birgə tariximizin şanlı simvolları olduğunu bildirib.

   Çıxışlar bitdikdən sonra iki ölkənin din xadimlərindən Kamran Məmmədov və Zəki Yavuzyılmaz şəhidlərin ruhuna Quran ayələri və dualar oxuyublar.

   Daha sonra şəhər rəhbəri və qonaqlar tərəfindən abidənin üzərindən ağ örpək götürülüb. Türk şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, abidənin önünə  qızılgüllər düzülüb.

   Qeyd edək ki, abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və ATİB-in təşkilatçılığı ilə inşa edilib. 7 metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihənin icra rəhbəri Turqay Əliyevdir. Abidə Gəncədə türk əsgərlərinin şəhadəti gününün 104-cü ildönümündə, 2022-ci ilin iyunun 11-də təhvil verilib, iyunun 26-da açılışı olub.  

   Tədbirdə ifa edilən vətənpərvərlik ruhlu musiqi parçaları, onun şərəfli ab-havasını daha da artırıb. Belə ki, tədbirdə son 104 il ərzində publik olaraq ifa edilməmiş, 1918-ci ildə Gəncədə Nuri paşanın şərəfinə yazılmış ilk ordu marşı səsləndirilib. Musiqisi tanınmış tarzən və bəstəkarı Məşədi Cəmil Əmirova (1875-1928, böyük bəstəkarımız Fikrət Əmirovun atası), sözləri gəncəli yeniyetmə şair Səlman Əhmədliyə (1901-1972, tanınmış aktyor və vokalçı Mobil Əhmədovun atası) məxsus olan bu qəhrəmanlıq əsəri  mərasimdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” zərb  alətləri ansamlının musiqiçilərinin və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında səslənib.

   Bu qəhrəmanlıq əsəri sanki bir millətin iki dövlətinin amal birliyinin zamandan asılı olmayan tərənnümüdür:

           “...İstanbuldan gəldin Gəncəyə doğru,

          Haydı, düşmənlərə anlat bu zoru!

          Gəncədən Bakıya zəfərdir yolu,

          İrəli, irəli, ər paşam Nuru!

          Turanın aslanı, nər paşam Nuru!”