AMEA Gəncə Bölməsində nəşr edilən kitab Türkiyənin Millət Kitabxanasının fonduna bağışlanıb
“TÜRKİYE – AZERBAYCAN EBEDİ GAYE BİRLİYİNİN GENCE SAYFALARI” ORTAQ TARİXİMİZƏ DAİR TƏDQİQATLARA DAHA BİR TÖHFƏDİR
1918-ci ildə Nuri paşanın komandanlığı altında Azərbaycanın xilası naminə Gəncəyə gələn və burada Türk və Azərbaycan əsgərlərindən formalaşdırılan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə bu şəhərdə ucaldılan abidənin ötən ilin iyun ayındakı açılışına ərməğan kimi, AMEA Gəncə Bölməsinin əməkdaşları tərəfindən ərsəyə gətirilən və “ELM” nəşriyyatında çapdan çıxmış “Türkiyə - Azərbaycan əbədi amal birliyinin Gəncə səhifələri” adlı araşdırmanın türk dilində də buraxılmış nüsxəsi qardaş ölkənin paytaxtında yerləşən Millət Kitabxanasına hədiyyə olunub.
Kitabları həmin maarif ocağına 2018-ci ilin avqustundan 2022-ci ilin dekabr ayınadək Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu vəzifəsində çalışmış Zəki Öztürk çatdırıb.
Elmlər doktoru Zəki Öztürk sözügedən kitabın həm Azərbaycan, həm də türk düillərində nəşr olunmuş nüsxələri üçün ön söz də yazıb. O, kitabları Millət Kitabxanasına təqdim edərkən bu araşdırmanı Gəncənin ən böyük elm ocağının alimlərinin Türkiyə-Azərbaycan qardaşlığına töhfəsi olduğunu qeyd edib.
Sözügedən elmi nəşrlə birgə, Zəki bəy həmçinin özünün Azərbaycanın ikinci şəhərindəki xidmət müddətinin bir növ, vida nişanəsi kimi tərtib etdiyi “Gence. Tarihi miras ve ekonomik bölgeler” adlı kitabını da həmin kitabxanaya hədiyyə edib.
Qeyd edək ki, Türkiyə Prezidenti yanında Millət Kitabxanası qardaş ölkənin ən böyük kitabxanasıdır. Burada dünyanın 134 dilində 4 milyondan çox kitab və 120 milyondan çox məqalə və digər yazı materialına, həmçinin 550 min elektron kitab, 6,5 milyon elektron tezis, 60 milyon elektron jurnala aid 120 milyon elektron məqalələ malikdir. 125 min kvadratmetrlik işçi sahəsi olan kitabxananın xidmətindən bir dəfəyə 5,5 min nəfər oxucu faydalana bilir.
Dünyanın ən müasir kitabxanalarından olan bu maarif, mədəniyyət və elm ocağı Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildən inşa edilməyə başlanılıb və onun tərəfindən 2020-ci ilin fevral ayının 22-də Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin və 2 min nəfər dəvətlinin iştirakı ilə açılıb.