XƏBƏRLƏR
13.01.2023 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsinin bir sıra qurumlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirilməsi üzrə tədbirlər davam etdirilir

   “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq, Azərbaycan Mulli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi davam etdirilir.

   Bu istiqamətdə, AMEA Gəncə Bölməsinin nəzdində fəaliyyət göstərmiş təbiət və texniki elmlər yönlü institutların və qurumların da idarəetmə və struktur dəyişikliklərinin tam təmin edilməsi üzrə bütün zəruri işlər həyata keçirilir.

   Bölmədə, həmin institutlarda həyata keçirilməsi vacib olan struktur və iş prosesi dəyişikliklərinə dair təşkil olunmuş yığıncaq keçirilib.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının Azərbaycanda elm və təhsilin birgə fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə qurulmasına xidmət etdiyini vurğulayıb. O, bölmənin nəzdində fəaliyyət göstərən təbiət və texniki elmlər yönlü institutların nizamnaməsi və struktur quruluşunun hazırlanması haqda məlumat verib.

   Belə ki, nizamnamədə bu elmi müəssisələrin fəaliyyət məqsədləri, hüquq və vəzifələri, iş proqramları, qanunvericiliyin tələbləri üzrə təşkilati strukturları  müəyynləşdirilməlidir.

   Yığıncaqda nizamnamələrin tərtib edilməsi üzrə qaydalar diqqətə çatdırılıb.

   Toplantıda AMEA Gəncə Bölməsinin nəzdindən Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirilən elmi müəssiələrdən Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun, Aqrar Problemlər İnstitutunun və Nəbatat Bağının rəhbərləri vəzifələrinə namizədlər irəli sürülüb və onlara səs verilib.

   Toplantıda həmçinin institut və qurumların  həmkarlar və Yeni Azərbaycan Partiyası yerli təşkilatlarının formalaşdırılması məsələsi də müzakirə olunub.