XƏBƏRLƏR
13.03.2023 / Konfranslar, iclaslar
Gəncədə “Heydər Əliyev və dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda elmi-praktik konfrans keçirilib

   Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə  Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və  dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda elmi-praktik konfrans keçirilib.

   Tədbirfən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin baş meydanındakı abidəsini və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

   Gəncə şəhəri Nizami Gəncəvi Muzeyinin akt salonunda keçirilən elmi-praktik konfransı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  və Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükut ilə yad edilməsi ilə başlayıb.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açılış nitqi ilə çıxış edərək, vurğulayıb ki,  Ulu Öndər Heydər Əliyev  Respublikamıza rəhbərlik etdiyi andan  etibarən Azərbaycanın müxtəlif əsrlərdə yaşamış klassiklərinin, onların fikirlərinin dərindən öyrənilməsi və geniş təbliği məsələlərini milli şüur və ideologiyamızın zənginləşdirilməsinə təkan verə bilən başlıca amillərdən hesab edib; təsadüfü deyil ki, o dövrdən bəri klassiklərimizin zəngin dünyası uşaq ədəbiyyatı və dərsliklərdən tutmuş, bədii nümunələrə, elmi araşdırmalara, incəsənətə, teatr, kino və televiziyaya, musiqi əsərlərinə dərindən sirayət edib.

   Akademik F. Əliyev  həmçinin Ümummilli Lider Heydər Əliyevin  daim Azərbaycanın tarix və mədəniyyətində əlamətdar şəhər olan Gəncənin, eləcə də onun böyük övladı Şeyx Nizaminin milli varlığımızda tutduğu uca mövqeyi yüksək dəyərləndirdiyini, elə bu mötəbər elmi tədbirin də mövzularının bu məsələləri əhatə edəcəyinin nəzərə çatdırıb.

   Gəncə şəhər İcra hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında Ulu Öndər Heydər Əliyevin dahi mütəfəkkirimiz Nizami Gəncəvi irsinə xüsusi yanaşması məsələlərini əhatə edən bu elmi tədbirin iştirakçılarına  şəhər rəhbərliyi adından uğurlar arzu edib.

   Elmi-praktik konfransda AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov “Heydər Əliyevin Gəncə şəhərinə tarixi səfərləri və Nizami Gəncəvi məqbərəsi ilə bağlı məsələlər”, Bölmənin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Ulu Öndər Heydər Əliyevin Azərbaycan nizamişünaslığının inkişafında rolu”, Gəncə şəhəri Nizami Gəncəvi Muzeyinin direktoru Elşən Hacıyev “Heydər Əliyev və Nizami Gəncəvi dühası”, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin rəhbəri  Xəzangül Hüseynova “Nizami Gəncəvi yaradıcılığında dünyəvilik”, AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva “Heydər Əliyev və Nizami Gəncəvi irsi”, Bölmənin Elmi kitabxanasının müdiri Vüsalə Hüseynova ”Nizami Gəncəvi əsərlərinin nəşrində Heydər Əliyevin rolu”,  Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin böyük elmi işçisi Mətanət Əliyeva “Heydər Əliyev Fondu və Nizami Gəncəvi irsi”, Bölmənin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Xəyalə Hüseynova “Heydər Əliyev dini-mənəvi dəyərlərin qoruyucusu kimi”, Mərkəzin kiçik elmi işçisi Türkan Verdiyeva “Heydər Əliyev və Nizami Gəncəvi məqbərəsi”, Mərkəzin böyük elmi işçisi, pedaqoqika üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyeva “Ulu Öndər Heydər Əliyevin natiqlik məharəti”, Mərkəzin şöbə müdiri Təranə Verdiyeva “Xəlil Yusifli və Nizami Gəncəvi”, Mərkəzin kiçik elmi işçisi Leyla Kərimova “Heydər Əliyev şəxsiyyətində Azərbaycanın tarixi hökmdarlarının xüsusiyyətlərinin milli təzahürü” mövzularında məruzələrlə çıxış ediblər.

   Konfransda o fikir də xüsusi vurğulanıb ki,  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda işə başlayan 10-cu beynəlxalq Forumda dünya qarşısında duran mühüm məsələlər müzakirə olunur. Qeyd edilib ki, Qlobal Bakı forumları dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının milli və bəşəri dəyərlərinin, tolerantlığının, multikultural düşüncəsinin, yaşayışının bütün dünya xalqlarına ərməğanıdır. Ölkə başçımızın bu Forumunun açılış mərasimində söylədiyi “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir” ifadəsi də millətimizin müasir narahat dünyada haqq-ədalətin bərpasına həmişə töhfə vermək istəyi kimi səslənir.

   Konfransda dinlənilən mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlardan Əməkdar mədəniyyət işçisi Bəxtiyar Muradov, Azərbaycan Texnologiya Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Məmmədova və Gəncə Dövlət Universitetinin müəllimi Vüsal İsgəndərov çıxış ediblər.

   Konfransın gedişində AMEA Gəncə Bölməsi tərəfindən hazırlanan, Ulu Öndər Heydər Əliyevin dahi mütəfəkkirimiz Nizami Gəncəvinin irsinin qorunması və dünya miqyasında təbliği üzrə strateji məqsədlərindən bəhs edən qısametrajlı  sənədli film də nümayiş olunub. Gəncənin musiqi məktəblərinin yaradıcı kollektivləri isə Nizaminin sözlərinə yazılan əsərlərin ifası ilə tədbiri daha da rəngarəng ediblər.