XƏBƏRLƏR
25.06.2023 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda Respublika konfransı keçirilib

   Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə Bölməsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransı keçirilib.

   Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, tanınmış elm xadimləri, gənc alimlər, mütəxəssislər və ziyalılar iştirak ediblər.

   Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

   Sonra AMEA Gəncə Bölməsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sərgiyə baxış keçirilib.

   Konfrans  Bölmənin böyük akt salonunda keçirilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə çıxışında “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusundakı 4 günlük Respublika konfransının Bakıdan sonra Gəncədə davam etdirildiyini və burada yekunlaşdığını vurğulayıb. Bu işdə hərtərəfli dəstəyə görə o, AMEA Gəncə Bölməsinə və onun sədri akademik Fuad Əliyevə təşəkkür edərək, konfransın daha bir bölmə iclasının da dünən bu elm ocağında keçirildiyini xatırladıb.

  Akademik İ. Həbibbəyli Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan gəncliyinə xüsusi diqqət yetirdiyini, onların təhsilli, vətənpərvər ruhda, milli kimliklərinin və şəxsiyyətlərinin azərbaycançılıq ideyası işığında formalaşmasına önəm verdiyini bildirib. O, qeyd edib ki, Heydər Əliyevin zəngin həyatının, çoxcəhətli fəaliyyətinin, ideallarının mərkəzində Azərbaycanın dövlətin müstəqilliyinin əbədi qorunub saxlanması, inkişaf etdirilməsi dayanırdı və bu siyasətin içərisində daim gənclərə xüsusi önəm verirdi.

   Akademik İ. Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması haqda ölkə başçısının Sərəncamının işığında AMEA tərəfindən   Ulu Öndərin həyat və fəaliyyətinə dair 39  yüksək səviyyəli konfrans, seminar, simpozim və digər elmi toplantların keçirildiyini, bu tədbirlərdə dünyanın bir çox ölkələrindən gəlmiş tanınmış alimlərin də iştirak etdiyini qeyd edib.

  Akademik İ.Həbibəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə AMEA tərəfindən bu dahi şəxsiyyətin zəngin dövlətçilik irsinə  həsr edilmiş çoxsaylı elmi əsərlər nəşr edildiyini bildirib. O, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinin öyrənilməsinin elmi-populyar müstəvidən fundamental elmi araşdırmalar səviyyəsinə qaldırılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.  Akademik İ. Həbibbəyli AMEA tərəfindən ilk dəfə olaraq, “Heydər Əliyev Ensiklopediyası”nın nəşrə hazırlandığını da qeyd edib.

  Ümummilli Liderin irsinin dərin araşdırılması nümunəsi kimi, akademik İ. Həbibbəyli “Heydər Əliyev İli”nə AMEA Gəncə Bölməsinin töhfəsi olan “Heydər Əliyev və Gəncə” monoqrafiyasını təqdim edib. O, kitabı mövzuya elmi cəhətdən yanaşmaya, dərin təhlillərə söykənən mükəmməl bir mənbə kimi dəyərləndirirərək, Ulu Öndərin Gəncə ilə bağlı  bağlı taleyüklü anlarının, o cümlədən Gəncənin iqtisadi və mədəni intibahı, şəhərin tarixi adının bərpası, dövlətçiliyimizi təhdid edən qiyam cəhdinin qarşısının alınması və digər proses və hadisələrin qiymətli təfərrüatlarının, onlara aid sənəd və fotoların da bu monoqrafiyada  yer aldığını qeyd edib.

  Çıxışının sonunda akademik İsa Həbibbəyli Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova AMEA tərəfindən ərsəyə gətirilən “Qırmızı Kitab”ın  nəşrlərini hədiyyə edib.

  Həmin nəşr, həmçinin Ədəbiyyat İnstitutu tərəfindən işıq üzü görən “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” ikicildliyi AMEA Gəncə Bölməsinə də hədiyyə edilib.

  Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, Heydər Əlievin dövlətçilik idealları və müasir gənclik mövzusunu əhatə edən tədbirin iştirkçlarını və qonaqları salamlayıb və bu mötəbər elmi toplantıya uğurlar arzulayıb. O, ölkəmizdə müasir gənclər siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu və bu siyasətin Prezidet İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini, bu strategiyanın nəticəsi kimi Azərbaycanda dövlətçiliyimizə sadiq fəal gənclər ordusunun formalaşdığını qeyd edib.   

  AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında şəhər rəhbəri Niyazi Bayramova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə,  AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova və Respublika konfransına qatılmış digər qonaqlara, gənc tədqiqatçılara təşəkkür edib. Akademik F. Əliyev Ulu Öndər Heydər Əliyev irsinin gənclər üçün ən doğru yol, ən yüksək ideal olduğunu bildirib. Bu baxımdan o, AMEA Gəncə Bölməsində Heydər Əliyevin həyat və fəaliyyətinə dair 2 minədək yazılı elmi nümunələr toplandığını qeyd edib. Akademik F. Əliyev AMEA Gəncə Bölməsi əməkdaşlarının birgə əməyinin nəticəsi olan “Heydər Əliyev və Gəncə” monoqrafiyasına verilən qiymətə görə AMEA-nın prezidentinə minnətdarlıq bildirərək, həmin kitabda dünyanın aparıcı siyasət adamlarının, məşhur politoloqların, ictimai xadimlərin Heydər Əliyev fenomeni haqda fikirlərinin də yer aldığını xatırladıb və həmin mülahizələrin gənclərimizin düşüncələrinin formalaşmasına xidmət etdiyini vurğulayıb.

  Akademik F. Əliyev ölkəmizin daha işıqlı gələcəyi naminə gənclərə Ulu Öndər Heydər Əliyevin göstərdiyi  xüsusi diqqət və qayğının hazırda prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, bu xüsusda gənc alimlərin yeni-yeni uğurlara təşviq edilməsi yönündə də dövlət tərəfindən mütəmadi olaraq layihələr həyata keçirildiyini xatırladıb. O, gənc alimlər üçün təsis edilmiş prezident mükafatının ilk dəfə gəncəli alimə verilməsini də şəhərimizə, o cümlədən onun elmi mühitinə diqqət və qayğının nümunəsi kimi səciyyələndirib.

  Sonra konfransın məruzələri  dinlənilib.

  AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov “Heydər Əliyev və Azərbaycan elmi”, AMEA Gənc Alim  və mütəxəssislər Şurasının sədri Elmir Babayev “Heydər Əliyev və Azərbaycan gəncliyi”, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov “Ulu Öndər Heydər Əliyevin elm və təhsil siyasəti”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva “Ədəbiyyatın və mədəniyyətin inkişafında Ümummilli Liderimizin xidmətləri “, AMEA Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənov “Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinin banisidir”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin doktorantı Təranə Verdiyeva “Heydər Əliyev və klassik irs” mövzularında çıxış ediblər.

  Məruzələr ətrafında müzakirələr aparılıb.

  Tədbirin sonunda bir qrup gənc alimə bu konransın işində fəal iştiraklarına, eləcə də məhsuldar tədqiqat fəaliyyətlərinə görə təşəkkürnamələr verilib.

  Konfransdan sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və digər qonaqlar AMEA Gəncə Bölməsinin əməkdaşları ilə iş şəraitində görüşərək, bu elm ocağında aparılan tədqiqatlar və Bölmənin maddi-texniki təchizatı məsələləri ilə maraqlanıblar.