XƏBƏRLƏR
13.07.2023 / Mühüm hadisələr
AMEA Gəncə Bölməsində görkəmli nizamişünas alim Xəlil Yusifli yad edilib Alimin “Nizami və Şərq İntibahi” monoqrafiyasinin təqdimati da keçirilib

AMEA Gəncə Bölməsi  Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, “Şöhrət” ordenli professor Xəlil Yusiflinin (1935 – 2022) anadan olmasının 88-ci ildönümü qeyd edilib və alimin yenicə çapdan çıxmış “Nizami və şərq intibahı” monoqrafiyasinin

təqdimati olub.

Bölmənin dəyirmi salonunda keçirilən anım görüşünə çoxu bu böyük alim və pedaqoqun yetirməsi olmaqla, Gəncənin elmi və yaradıcı  mühitinin nümayəndələri qatılıb. Professor Xəlil Yusiflinin övladları – öğlu, Gəncə Dövlət Universitetinin müəllimi Toğrul Yusifli, qızı, həmin universitetin dosenti Afaq Yusifli də tədbirdə iştirak ediblər.

Əvvəlcə görkəmli nizamişünasın ömür yolu və elmi fəaliyyətinə dair videofilm seyr edilib.

Anım tədbirinin açılşına dair çıxışında  AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görkəmli ədəbiyyatşünas alim, nizamişünaslığımızın patriarxı professor Xəlil Yusiflinin Azərbaycan elminin şərəfini yüksəldən şəxsiyyətlərdən olduğunu, onun adının yalnız ölkəmizdə deyil, dünya miqyasında da tanındığını, həmişə hörmət və rəğbətlə çəkildiyini, əsərlərinin ən mötəbər mənbələr kimi qəbul edildiyini bildirib.

Akademik F. Əliyev  görkəmli alimin övladlarının bu tədbirdə iştirak etmələrindən məmnun olduğunu da dilə gətirib. O, həmçinin alimin vaxtılə rus dilində çıxmış samballı əsərlərindən olan “Nizami Gəncəvi və şərq intibahı” kitabının AMEA Gəncə Bölməsi tərəfindən ana dilimizdə nəşr edilmiş variantını da təqdim edib.

AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Professor Xəlil Yusifli və Azərbaycan nizamişünaslığı”,  Gəncə Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Afaq Yusifli “Xəlil Yusiflinin tədqiqatlarında intibah mövzusu və Nizami Gəncəvi”, AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix elmləri doktoru,professor Həsənbala Sadıqov “Nizami Gəncəvi yaradıcılığında Azərbaycan tarixi”, Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Səba Namazova  “Xəlil Yusifli və klassik Azərbaycan ədəbiyyatı”, AMEA Gəncə Bölməsi Elmi kitabxansının direktoru Vüsalə Hüseynova “Professor Xəlil Yusiflinin elmi və ədəbi irsi kitabxanalarda”, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin  kiçik elmi işçiləri Aynur Mirişli “Müəllim kimi xatirələrdə yaşayan alim-professor Xəlil Yusifli”, Leyla Kərimova “Professor Xəlil Yusifli  və AMEA Gəncə Bölməsi”, Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov “Professor Xəlil Yusifli ilə bağlı yaddaqalan anlar” mövzularında çıxış ediblər. Onlar, həmçinin görüşün digər iştirakçılarından AMEA Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova, yazıçı İnqilab İsaq, Gəncə Dövlət Universitetinin professoru Yadigar Əliyev, AMEA Gəncə Bölməsinin Elmi katibi Elnur Həsənov çıxış edərək, görkəmli alimin elmi və pedoqoji fəaliyyətindən danışıblar, eləcə də Xəlil Yusiflinin yüksək mənəvi və insani xüsusiyyətlərini özündə əks etdirən xatirələrini bölüşüblər.

Alimin övladları bir daha onun xatirəsinə və elmi irsinə daim xüsusi diqqətə görə AMEA Gəncə Bölməsi və onun rəhbərliyinə dərin minnətdarlıq bildiriblər.

Görüşün yekununda akademik Fuad Əliyev AMEA Gəncə Bölməsi tərəfindən görkəmli alimin irsinin öyrənilməsi, eləcə də onun əsərlərinin yeni nəşrləri istiqamətində aparılan işlərin daim diqqətdə saxlanılacağını bildirib.