XƏBƏRLƏR
09.08.2023 / Mühüm hadisələr
Gəncədə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib

   Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin müəllimi, dilçi alim Yadigar Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, o cümlədən AMEA Gəncə Bölməsinin və şəhərdə fəaliyyət göstərən universitetlərin nümayəndələri iştirak ediblər. Niyazi Bayramov çıxışında bildirib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 09 avqust tarixli Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Şəhər rəhbəri onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, dilin saflığı, təmizliyi istiqamətində apardığı siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Fuad Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoyub. Sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul edib. Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı 1995-ci ildə keçirilən müzakirədə Azərbaycan dilinin qanuni haqqı özünə qaytarılıb. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbayan Respublikasının Dövlət dili kimi təsbit olunub. İbrahim Cəfərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dilimizin saflığını, mənəvi zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayıb. Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Bayram Aslanov çıxışında Ulu Öndərin gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət gördüyünü diqqətə çatdırıb. O qeyd edib ki, Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır. Dəyirmi masa dilçi alim Yadigar Əliyevin və GDU-nun müəllimi Aygün Əhmədovanın məruzləri ilə yekunlaşıb.