XƏBƏRLƏR
18.09.2023 / Mühüm hadisələr
Professor Xəlil Yusiflinin vəfatının ildönümü münasibətilə AMEA Gəncə Bölməsində dəyirmi masa keçirilib

ANIM TƏDBİRİNDƏ GÖRKƏMLİ NİZAMİŞÜNAS ALİMİN  HƏYAT VƏ ELMİ FƏALİYYƏTİNDƏN DANIŞILIB

 

   AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi tərəfindən Əməkdar elm xadimi, “Şöhrət” ordenli, professor Xəlil Yusiflinin (1935 – 2022) anım gününə həsr edilmiş  dəyirmi masa keçirilib.

   Giriş sözündə AMEA Gəncə Bölməsinin Elmi katibi Elnur Həsənov iştirakçıları Bölmənin sədri, akademik Fuad Əliyevin adından salamlayıb və görkəmli alimimiz, filologiya elmimizin, xüsusən nizamişünaslığımızın nəhəng ismlərindən olan Xəlil Yusiflinin əziz xatirəsinin daim bu elm ocağında hörmətlə anıldığını, mütəmadi olaraq, onun həyat və elmi fəaliyyətinə həsr olunmuş tədbirlər keçirildiyini, kitablarının nəşr olunduğunu diqqətə çatdırıb.

   Tədbir iştirakçıları bu böyük alimin xatirəsinə ithaf olunan, AMEA Gəncə Bölməsində hazırlanmış videofilmə tamaşa ediblər.

   AMEA Folklor İnstitutundan tədbirə qatılmış qonaqlarından, “Mifologiya” şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy “Professor Xəlil Yusiflinin Nizamişünaslığın inkişafındakı rolu”, dosent  Qalib Sayılov isə “Professor Xəlil Yusifli və klassik Azərbaycan ədəbiyyatı” mövzuları ilə çıxış ediblər.

   Həmçinin AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizamişünas alim, professor Xəlil Yusifli və Azərbaycan nizamişünaslığı” və Bölmənin Humanitar Tədqiqatlar İnstitutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva “Professor Xəlil Yusiflini xatırlayarkən” adlı məruzələri dinlənilib.

   Anım tədbirində bir daha görkəmli ədəbiyyatşünas alim, nizamişünaslığımızın patriarxı professor Xəlil Yusiflinin Azərbaycan elminin şərəfini yüksəldən şəxsiyyətlərdən olduğu, onun adının yalnız ölkəmizdə deyil, dünya miqyasında da tanındığı, həmişə hörmət və rəğbətlə çəkildiyi, əsərlərinin ən mötəbər mənbələr kimi qəbul edildiyi qeyd olunub.

   Dəyirmi masanın iştirakçıları görkəmli alim Xəlil Yusiflinin xatirəsinə və elmi irsinə daim xüsusi həssalıq və diqqətə görə AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevə  dərin minnətdarlıq bildiriblər.