XƏBƏRLƏR
16.10.2023 / Mühüm hadisələr
Gəncə alimlərindən Prezident İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20 illiyinə töhfə

AMEA GƏNCƏ BÖLMƏSİNİN HAZIRLADIĞI “İLHAM ƏLİYEVİN GƏNCƏ ŞƏHƏRİNƏ SƏFƏRLƏRİ” ADLI MONOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB

   Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi cənab İlham Əliyevin 2003-cü ilin oktyabrın 15-də Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı əlamətdar tarixə həsr olunmuş yeni kitab nəşr edib. “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı monoqrafiya Bölmənin Rəyasət Heyətinin 8 sentyabr 2023-cü il tarixli 9/4 saylı qərarı ilə çap olunub.

   Layihə rəhbəri AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev olan, “Elm” nəşriyyatında işıq üzü görən  kitab Bölmənin əməkdaşlarının birgə əməyi ilə ərsəyə gətirilib.

   Yenicə çapdan çıxmış “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” monoqrafiyası AMEA Gəncə Bölməsinin kollektivinə təqdim edilib. Bölmənin sədri, akademik Fuad Əliyev kitabın işıq üzü görməsi münasibətilə əməkdaşları təbrik edib. O, həmçinin cənab prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndində müqədəds  Bayrağımızı ucaltmasını bütün Azərbaycanlıların həsrətlə gözlədiyi qürurlu an kimi xarakterizə edərək, bu tarixi hadisənin də məhz onun ölkəmizin rəhbəri seçilməsinin 20 illini tamam olması günündə baş verməsini Uca Yaradanın hökmü kimi dəyərləndirib.

   Kitabın həmçinin Gəncənin son iyirmi ildə inkişafı üzrə bir ensiklopedik məlumat toplusu xarakteri daşıdığını da vurğulayan akademik F. Əliyev onun səhifələrində cənab İlham Əliyevin bir dəfə Baş nazir qismində, 19 dəfə isə prezident kimi Gəncə şəhərinə etdiyi səfərlərin müfəssəl xronikası, həmin səfərlərin işığında burada aparılan genişmiqyaslı quruculuq işləri, eləcə də ölkə başçısının ikinci şəhərimizlə  bağlı imzaladığı sərəncam və digər sənədlər, etdiyi çıxışlar, verdiyi tapşırıq və tövsiyələr  öz əksini tapıb.

   AMEA Gəncə Bölməsinin sədri kitabın hazırlanmasında və çap prosesində əməyi olan əməkdaşlara xüsusi minnətdarlıq bildirib.

   Toplantıda çıxış edən əməkdaşlar da yeni kitabın işıq üzü görməsindən məmnunluq və fəxarət duyduqlarını dilə gətirərək, “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” toplusunun ideyasına və bu ideyanın gerçəkləşdirilməsi yönündə fəaliyyətinə görə akademik Fuad Əliyevə təşəkkür ediblər. Onlar respublikamızın ikinci şəhərinin başlıca elm ocağının, AMEA Gəncə Bölməsinin  əməkdaşları olaraq,  bu kitabı cənab İlham Əliyevin ali hakimiyyətinin 20 illiyinə bir ərməğan kimi sevə-sevə hazırladıqları bildiriblər.