XƏBƏRLƏR
18.10.2023 / Mühüm hadisələr
AMEA-nın Gəncə Bölməsinin əməkdaşlarından, Gəncə, Azərbaycan

   Möhtərəm cənab Prezident.

   Müzəffər Ali Baş Komandan kimi 44 günlük Vətən müharibəsində xalqımıza bəxş etdiyiniz Böyük Zəfər təkcə ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də Azərbaycan xalqının qürurunun, mübarizə əzminin özünə qaytarılması ilə əlamətdar olmuşdur. Bu tarixi nailiyyətlə Siz Azərbaycan dövlətçilik tarixinə ən böyük töhfəni verdiniz, bununla da keçmiş, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətə imza atdınız.

   Sizin polad iradə və əmrinizlə Azərbaycan Ordusunun 24 saat ərzində uğurla həyata keçirdiyi antiterror tədbirləri qanunsuz erməni silahlı birləşmələrinin ağ bayraq qaldırması ilə nəticələndi.

   Minillik tarixə malik xalqımızın müstəqillik və dövlətçilik ənənələrini həyata keçirən Ali Baş Komandanın Xankəndi şəhərində Azərbaycan Bayrağını və Gerbini ucalara qaldırması xalqımızın möhtəşəm qələbəsi və ata vəsiyyətinin yerinə yetirilməsidir.

   “Qurani-Kərim”də qeyd olunduğu kimi, səbir və iradə ən böyük çətinlikləri fəth etməyə qadirdir. Siz səbirlə 17 il ərzində iqtisadiyyatı, ordu quruculuğunu, hərbi kadr potensialını inkişaf etdirərək “Dəmir yumruq” əməliyyatı ilə tarix yazdınız. Cənab Prezident, fəaliyyətinizin 20 ilinin tamam olduğu gün xalqımıza yaşatdığınız böyük sevincə, xoşbəxtliyə görə Sizə minnətdarlığımızı bildiririk. Sizin Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəng su anbarının ərazisində dövlət bayrağımızı ucaltmağınız, xalqa etdiyiniz müraciət bizi sevinc göz yaşlarına qərq etdi.

   Xalqımızın tərəqqisi naminə həyata keçirdiyiniz çətin və şərəfli işlərinizdə Sizin yanınızda olmaq, qızıl hərflərlə yazılan tariximizin iştirakçısı kimi hər birimizin baş ucalığıdır. Sizə polad kimi möhkəm cansağlığı arzu edirik.

   Allah Sizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin!

   Allah Sizi bütün çətinliklərdən hifz etsin!

   Ulu Tanrı Sizi, ailənizi və xalqımızı xəta-bəladan hifz etsin!

   Hörmətlə,

   Əliyev Fuad, Muxtarov Əlimuxtar və Mirzəyev Fərhad.

   AMEA-nın Gəncə Bölməsinin əməkdaşları.

   Azərbaycan Respublikası, Gəncə şəhəri.

 

https://president.az/az/articles/view/61699