XƏBƏRLƏR
06.11.2023 / Konfranslar, iclaslar
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GƏNCƏ BÖLMƏSİNDƏ MÜASİR MİLLİ TARİXİMİZİN ƏN ŞƏRƏFLİ ANI OLAN ZƏFƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİB

   Əvvəlcə iştirakçılar və qonaqlar Zəfər Günü münasibətilə hazırlanmış sərgiyə baxıblar. AMEA Gəncə Bölməsinin böyük konfrans salonunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən  Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev konfransı giriş sözü ilə açaraq, iştirakçıları və qonaqları salamlayıb, bu tədbiri millətimiz üçün çox qürurlu və əziz bir tarixi an olan Zəfər Gününün  şərəfli mahiyyətinin daha dərindən anlanılması üçün vacib elmi toplantı kimi xarakterizə edib.

   Akademik F.Əliyev Zəfər Gününü Azərbaycan Respublikasinin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli dövlət və ordu quruculuğu strategiyasının təntənəsi kimi dəyərləndirərək, vurğulayıb ki,  onun rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarımızın bütövlüyü tam bərqərar olub.

   Konfransda  Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun direktoru İmran Qasımov “Azərbaycan tarixinə şəhidlərin qanı ilə yazılmış Zəfər Günü”, AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov «İlahi və dünyəvi ədalətin təntənəsi — Qarabağ zəfəri», AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun böyük elmi işçisi  Mətanət Əliyeva «Şuşa zəfəri tarixi qələbəmizin qürur səhifəsidir», AMEA Gəncə Bölməsinin Elmi katibi  Elnur Həsənov «Müzəffər Ali Baş Komandanın qələbəsi gənclər üçün örnəkdir», Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “Qarabağ zəfərindən Zəngəzura gedən yol”, AMEA Gəncə Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “Azərbaycanın qələbəsinin beynəlxalq geosiyasi təhlükəsizliyin təminatı proseslərində rolu”, AMEA Gəncə Bölməsi Elmi kitabxanasının müdiri Vüsalə Hüseynova «Qarabağ zəfərinin müasir elmi ədəbiyyatlarda əks olunması» mövzuları üzrə məruzələrlə çıxış ediblər.

   Toplantıda həmçinin AMEA Gəncə Bölməsi Həmkarlar təşkilatının sədri Nailə Hacıyeva da çıxış edərək, Bölmənin rəhbərliyinin qərarı ilə, burada çalışan, torpaqlarımızın bütövlüyü naminə birinci və ikinci Qarabağ müharibələrində döyüşmüş əməkdaşlara Zəfər Günü münasibətilə pul mükafatları verildiyini qeyd edib.

   Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Zəfər Gününə həsr edilən bu tədbirin yüksək səviyyədə keçirildiyini bildirib. O,akademik Fuad Əliyevin rəhbərliyilə AMEA Gəncə Bölməsinin şəhərin ictimai həyatında da daim fəal mövqe tutuduğunu qeyd edib.

   Tədbirin yekununda AMEA Gəncə Bölməsinin sədri Akademik Fuad Əliyev iştirakçılara məzmunlu  çıxışlar üçün təşəkkür edib, Azərbaycan tarixinin ən şərəfli anlarından olan Zəfər Günü münasibətilə bir daha təbriklərini çatdırıb.