AMEA Gəncə Bölməsinin əməkdaşı Aynurə Həsənova Tacikistanda gənc kimyaçıların ənənəvi beynəlxalq konfransında iştirak edib
Hər il Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB ölkələrindən olan gənc kimyaçı-alimlərinin forumu təşkil olunur. “Gənc kimyaçılar məktəbi” adı altında keçirilən elmi mübadilə xarakterli görüşə Rusiya Federasiyası, Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistandan və Tacikistan kimya sahəsində çalışan tədqiatçılar qatılır. Ənənəvi xatakter almış bu tədbirlər Tacikistan Milli Elmlər Akademiyası və MBD ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə həyata keçirilir.
2023-cü ilin noyabrın 25-dən dekabrın 2-dək davam edən, sayca 4-cü, “MDB üzvü olan ölkələrin gənc kimyaçılar məktəbi ” adlı “Kimya elmi və texnologiyasının müasir nailiyyətləri” mövzusundakı bu ənənəvi beynəlxalq elmi konfransda AMEA-nın Gəncə Bölməsinin Elm və təhsil şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Aynurə Həsənova da iştirak edib. O, öz çıxışında Azərbaycanın qədim şəhəri və Nizami yurdu Gəncədən, eləcə də gəncəli alimlərdən Konfransın rəhbərliyinə, alim-həmkarlara və qonaqlara salamlarını çatdırıb və şəhərimizdə kimya sahəsində aparılan xüsusi əhəmiyyətli yeniliklər, o cümlədən Naftalan nefti və ondan ayrılan komponentlərin müxtəlif sahələrdə tətbiqi məsələləri barədə məlumat verib. A. Həsənova həmçinin bu forumunun gənc alimlərin gələcək tədqiqatları üçün faydalı olacağına inandığını qeyd edib.
“Gənc kimyaçılar məktəbi” MDB məkanında çalışan gənc tədqiqatçılar üçün əməkdaşlıq və vahid elmi platforma yaradılması məqsədlərinə xidmət edir. Həmkarlar arasında fikir mübadiləsi və gələcək perspektivlər haqda planların müzakirəsi gənc tədqiqtçıların səmərəli fəaliyyəti üçün əlavə imkanlar yaradır.
Hər dəfə olduğu kimi, 4-cü Konfrans çərçivəsində də MDB məkanında fəaliyyət göstərən kimya üzrə aparıcı mütəxəssislərin mühazirələri, aktual mövzuları əhatə edən məruzə və prezentasiyalar, dəyirmi masalar və stend sessiyaları təşkil edilib.