XƏBƏRLƏR
26.12.2023 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsində “Heydər Əliyev İli”nə həsr edilmiş yekun konfrans keçirilib

   AMEA Gəncə Bölməsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  “Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qoruyucusudur” mövzusunda yekun konfrans keçirilib. Konfrans Gəncə şəhər İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin və AMEA Gəncə Bölməsinin birgə təşkilatçılışı ilə baş tutub.

   Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edərək, müasir dövlətçiliyimizin banisinin əziz xatirəsini onun heykəlinin önünə gül qoymaqla yad ediblər.

   Ulu Öndər Heydər Əliyevin 100 illiyi münsibətilə AMEA Gəncə Bölməsində ərsəyə gətirilmiş nəşrlərdən ibarət sərgiyə də baxış keçirilib.

   AMEA Gəncə Bölməsinin böyük iclas salonunda keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və  Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ilə başlayıb.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev giriş nitqində bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü  ili “Heydər Əliyev ili” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncamınna uyğun olaraq, AMEA Gəncə Bölməsi tərəfindən hazırlanmış tədbirlər planı əsasında bu əlamətdar il çərçivəsində  elmi konfranslar, dəyirmi masalar, seminarlar və digər görüşlər keçirilib. O, həmçinin Bölmə tərəfindən nəşr edilmiş “Heydər Əliyev və Gəncə” monoqrafiyasını,  “Ata vəsiyyəti” və “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” kitablarını və bu qəbildən olan digər elmi və kütləvi nəşrləri bu tarixi yubiley ilinə Gəncə alim və tədqiqatçılarının töhfəsi kimi səciyyələndirib.

   Akademik Fuad Əliyev Bölmə tərəfindən “Heydər Əliyev İli” çərçivəsində aparılan işlərin olduqca məhsuldar xarakter daşıdığını vurğulayıb və  onların reallaşdırılmasına görə Bölmənin əməkdaşlarına, eləcə də bu yöndə öz dəstəyini əsirgəməyən Gəncə İcra Hakimiyyətinə minnətdarlıq bildirib.

   Sonra konfransın məruzələri dinlənilib.

   Bölmənin Elm və Təhsil şöbəsinin müdiri Aynurə Həsənova “Heydər Əliyev İli”nə həsr olunmuş konfranslar”, Bölmənin Elmi Katibi Elnur Həsənov “Heydər Əliyev və multikultural dəyərlər”, Bölmənin Diyarşünaslıq İnstitutunun böyük elmi işçisi Mətanət Əliyeva “Gəncə xanlığının Azərbaycan dövlətçilik tarixində rolu”, Bölmənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “AMEA Gəncə Bölməsində hazırlanmış “Heydər Əliyevin Gəncənin intibahında rolu” adlı sənədli film haqqına”, Elm və Təhsil Nairliyinin Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “Qarabağ zəfərindən Zəngəzura gedən yol”, Bölmənin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva “Heydər Əliyev və klassik irs”, Mərkəzin elmi işçisi Xəyalə Hüseynova “Heydər Əliyev dini-mənəvi dəyərlərimizin qoruyucusu kimi” mövzularında çıxış ediblər.

   Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında Gəncə ziyalılarının, şəhərin elmi  və yaradıcı ictimaiyyətinin, xüsusən AMEA Gəncə Bölməsinin kollektivinin “Heydər Əliyev ili” ilə bağlı fəal mövqe nümayiş etdirdiklərini qeyd edib. O, Bölmənin sədri, akademik Fuad Əliyevə şəhərin elmi və ictimai həyatında göstərdiyi fədakarlıq nümunəsinə görə minnətdarlıq bildirib.

   AMEA Gəncə Bölməsinin sədr müavini Sara Əzizova öz çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən də “Heydər Əliyev İli” ilə bağlı Gəncə Bölməsinin apardığı işlərin təqdirəlayiq hal kimi qiymətləndirildiyini və Bölmənin sədri, akademik Fuad Əliyevin, eləcə də yubiley ilində bu elm ocağında ərsəyə gətirilmiş üç kitabın həmmüəlifi olan əməkdaşların Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edildiyini xatırladıb.

   Konfransın gedişində “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirlərdə fərqlənən əməkdaşlara Bölmənin Rəyasət Heyətinin Fəxri Fərmanları təqdim edilib.

   Bölmənin işlər müdiri Rasim Tağıyev qarşıdan gələn bayram günləri münasibətilə əməkdaşların maddi mükafatlandırıldığını və onlara bayram sovqatları verildiyini qeyd edib.

   Konfransın sonunda akademik Fuad Əliyev bir daha qarşıdakı bayramlar – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təbriklərini çatdırıb və AMEA Gəncə Bölməsinin kollektivinin  dövlətçiliyimizin möhkəmləndirilməsi və cəmiyyətimizin inkişafı naminə bundan sonra da var gücü ilə çalışacağını bildirib.