AMEA Gəncə Bölməsinin Elmi şurasının genişləndirilmiş iclası keçirilib
2024-cü il yanvarın 10-da keçirilən toplantıya bölmənin, eləcə də müzakirələrdəki məsələlərə aidiyyatı olan, Elm və Təhsil nazirliyinin tabeliyində fəaliyyət göstərən tədris-tədqiqat ocaqlarının rəhbərləri və əməkdaşları qatılıblar.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Elmi şuranın əsas müzakirə mövzusunun Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” məsələyə və bu yöndə alim və tədqiqtçıların, eləcə də geniş ictimaiyyətin üzərinə düşən vəzifələrə həsr olunduğunu bildirib. Akademik Fuad Əliyev qeyd edib ki, Sərəncamın müddəalarında da deyildiyi kimi, ölkəmiz artıq müasir dünyanın etibarlı və məsuliyyətli üzvü kimi planetar problem olan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz əhəmiyyətli töhfəsini verir. Bu baxımdan, qədəm qoyduğumuz “Yaşıl dünya naminə həmrəylik ili”ndə cəmiyyətimizin hər bir üzvü , ən vacibi isə ətraf mühitin qorunması sahəsində çalışan mütəxəssislərimiz bu tarixi məsuliyyəti dərindən dərk etməlidir.
Akademik Fuad Əliyev toplantıda iştirak edən mütəxəssisləri Gəncə, eləcə də ümumən Respublikanın Qərb Bölgəsini özündə birləşdirən geniş bir coğrafi ərazidə ən vacib ekoloji və iqlim problemlərinin aydınlaşdırılması və onların həlli istiqamətində elmi fəaliyyətlərinin səmərəliliyini artırmağa çağırıb.
Müzakirə edilən məsələlərin istiqamətləri üzrə çıxış edənlər ətraf mühitin qorunması, biomüxtəliflik, təbii resurslar, atmosfer çirklənməsi və digər bu kimi məsələlərdə mövcud olan həlli vacib tədbirlər üzrə öz mülahizə və təkliflərini bildiriblər.
Akademik Fuad Əliyev səsləndirilən bu məsələlərin bölgəmiz üzrə əməli elmi konsepsiya halında təqdim olunmasının vacibliyini qeyd edib.
Elmi şurada digər bir məsələ barədə Bölmənin elmi katibi Elnur Həsənov danışıb. O, 2024-cü il ərzində Bölmədə aparıllacaq seminarların mövzularını və bu məsələlər üzrə çıxış edəcək əməkdaşların siyahısını təqdim edib.
İclasda elmi tədqiqatlar üzrə birgə koordinasiya məsələlərinin səmərəliliyi baxımından Elm və Təhsil Nazirliyinin tabeliyndə olan institutlar tərəfindən aparılan araşdırmalar və onların mövzuları üzrə aparılacaq seminarlar haqda da məlumat verilib.
Toplantıda Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər haqda da danışan akademik Fuad Əliyev bu əlamətdar tarixin qeyd edilməsinə Gəncə alimlərinin də əhəmiyyətli töhfə verəcəklərini bildirib.
Elmi şuranın iclasında həmçinin Bölmədə yeni Beynəlxalq əlaqələr şöbəsinin təsis olunması, sənədlərin arxivləşdirilməsi məsələsinə dair Sədrin imzaladığı sərəncamdan irəli gələn işlər və bir sıra struktur dəyişiklikləri haqda məsələlər də müzakrə edilib.