XƏBƏRLƏR
22.01.2024 / Mühüm hadisələr
AMEA-nın İctimai Elmlər Bölməsi və Gəncə Bölməsi 2023-cü ildəki fəaliyyətlərinə dair hesabat veriblər

AMEA-nın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin (İEB) və Gəncə Bölməsinin 2023-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrin direktorları, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, şöbə müdirləri, gənc alim və mütəxəssisləri və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə bölmələrin 2023-cü il üzrə əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Ölkəmizin inkişafında Azərbaycan alimlərinin də özünəməxsus payı olduğunu bildirən akademik İsa Həbibbəyli qeyd edib ki, “Heydər Əliyev İli”ndə alimlərimiz olduqca məhsuldar çalışıb, Ulu Öndərin zəngin həyatını və fəaliyyətini əks etdirən 50-yə yaxın (46-sı Humanitar və İctimai Elmlər bölməsinin əməkdaşları tərəfindən) fundamental monoqrafik əsər ərsəyə gətirib.

Cari ildə İctimai Elmlər Bölməsinin müəssisələrində müasir dünya elminin çağırışları işığında aparılan struktur islahatları barədə məlumat verən akademik İsa Həbibbəyli daxili imkanlar hesabına AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun, AMEA-nın A.A.Bakıxanov adına Tarix  İnstitutunun bazasında isə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradıldığını diqqətə çatdırıb. AMEA rəhbəri bu qərarın elmi tədqiqat işlərinin daha çevik şəkildə aparılmasına təkan verəcəyini söyləyib, həmçinin epiqrafika, numizmatika və qədim dillər sahəsində gənc kadrların hazırlanması və onların diqqətdə saxlanılması barədə müvafiq tapşırıqlarını verib.

Daha sonra iclasda AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva bölmənin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Diqqətə çatdırıb ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlara əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na, eləcə də “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında”, “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi haqqında” dövlət başçısının sərəncamlarının icrasına istiqamətlənib.

Akademik qeyd edib ki, 2023-cü ildə İEB-in elmi müəssisələrində 26 problemə aid 76 mövzuya dair 308 tədqiqat işi, 91 mərhələ aparılıb, 17 mövzu, 222 iş, 91 mərhələ tamamlanıb. 2023-cü ilin hesabat ilində elmi tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən araşdırılan 40-dan çox elmi iş Qarabağa, Şuşaya həsr olunub.

Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Gövhər Baxşəliyeva bildirib ki, 2023-cü ildə bölmə üzrə 1927 əsər nəşr olunub. Bunlardan 87-si kitab (4-ü xaricdə), 58-i monoqrafiya (6-sı xaricdə) 1277-si məqalə (321-i xaricdə), 503-ü tezis (169-u xaricdə), 14-ü dərslik və dərs vəsaitidir. Bölmə üzrə 47 məqalə isə impakt faktorlu jurnalda dərc olunub, alimlərin əsərlərinə 408 istinad edilib.

“Heydər Əliyev İli” çərçivəsində görülmüş işləri diqqətə çatdıran məruzəçi vurğulayıb ki, bölmənin müəssisələrində 40-dan artıq tədbir - 7 beynəlxalq konfrans, 12 respublika elmi  konfransı, 8 dəyirmi masa (onlardan 1-i beynəlxalq), 4 elmi sessiya, 8 elmi seminar keçirilib, 26 kitab və jurnal - “Heydər Əliyev və Azərbaycan SSR-nin ərazi bütövlüyü məsələsi”, “Heydər Əliyev -100: Azərbaycanda arxeologiya etnoqrafiya və antropologiya elmlərinin prioritet məsələləri”, “Heydər Əliyev ve türk dünyası”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”, “Heydər Əliyev və Qafqaz problemləri” və s. adlı kitablar ərsəyə gətirilib.

Məruzəçi, həmçinin dövlət başçısının “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sərəncamları çərçivəsində görülmüş işləri diqqətə çatdırıb.

Akademik Gövhər Baxşəliyeva, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, qrantlar və təltiflər elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də AMEA-nın müəssisələrinin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə İctimai Elmlər Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

AMEA-nın Gəncə Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı isə bölmənin sədri akademik Fuad Əliyev təqdim edib. Akademik qeyd edib ki, hesabat ilində bölmənin müəssisələri “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün İnkişaf proqramı” və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə Prezidentinin Sərəncamı əsasında fəaliyyət göstəriblər.

Hesabat ilində bölmənin elmi müəssisələrində Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş plana əsasən 12 problemi əhatə edən 17 mövzu, 19 iş, 14 mərhələ üzrə tədqiqatların aparıldığını, 1 mövzu, 12 iş və 14 mərhələnin tamamlandığını, 3 mühüm nəticənin alındığını söyləyib.

Əsasən tədqiqatların Qərb bölgəsinin sənaye tullantılarının pasportlaşdırılması, Qarabağın su, torpaq və hava ehtiyatlarının ekoloji tədqiqi, Qərb bölgəsinin bitki örtüyü dinamikasının araşdırılması, Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi, Azərbaycan dilinin inkişaf tarixi, Azərbaycan folkloru, Azərbaycan ədəbiyyatı tarixi və onun inkişaf mərhələləri, Qərb bölgəsinin tarixi, Qərb bölgəsinin arxeoloji və etnoqrafik abidələrinin tədqiqi və s. istiqamətlərdə aparıldığını vurğulayıb.

Qərb bölgəsinin bitki ehtiyatları və aqrosənaye tullantılarının araşdırılması, onlardan triqliserid və efir yağlarının alnması, Qərb regionunun su ehtiyatlarının ekoloji göstəricilərinin tədqiqi kimi mühüm nəticələrin alındığını, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Gəncə” monoqrafiyası, cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” adlı monoqrafiya və “Ata vəsiyyəti” kimi sanballı əsərlərin hazırlandığını diqqətə çatdırıb.

Akademik Fuad Əliyev, həmçinin bölmənin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatları diqqətə çatdırıb.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Gəncə Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

İclasda aparılan müzakirələrdə akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Qorxmaz İmanov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, gənc mütəxəssis Ceyran Hüseynli və başqaları çıxış edərək əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildiriblər.

Daha sonra çıxış edən akademik İsa Həbibbəyli bölmələrin 2023-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb və müvafiq tapşırıqlarını verib.

İclasda, həmçinin “Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı” haqqında qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.