
Ekoloji problemlərin həllinə dair seminar
Bu gün dünya alimlərini maraqlandıran ən qlobal məsələlərdən biri də ekoloji təmiz mühitin əldə olunmasıdır. Bir çox elmi mərkəzlərdə olduğu kimi, AMEA-nın Gəncə Bölməsində Qərb bölgəsinin tullantılarının monitorinq olunması və əldə olunan nəticələr əsasında yeni texnoloji üsulların hazırlanmasıdır.
Bu məqsədlə AMEA Gəncə Bölməsində Rusiyanın Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birlikdə ekoloji tədqiqatlar mövzusunda seminar keçirmişdir.
Seminarda Bölmənin elmi-tədqiqat İnstitutları ilə bərabər, Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universitetinin alimləri və laboratoriya müdirləri iştirak etmişlər.
Seminarı giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq qonaqları səmimi salamlamış və qeyd etmişdir ki, davamlı inkişaf naminə dünyanı zərərli amillərdən xilas etmək məqsədilə bu seminar həyata keçirilir. Ekoloji problemlərin həlli sahəsində şəhərimizin alimləri Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlıq edərək bir çox sahələrdə tədqiqatylar aparırlar. Seminarda Dubna BNTİ-nun əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Afaq Mədətzadə birgə aparılan elmi tədqiqatlar haqqında məlumat vermişdir. Seminarda müxtəlif ərazilərdən toplanan mamır nümunələrində ağır metalların və radionuklidlərin təyini işinin mahiyyəti, sənayenin ətraf mühitə təsinin ekoloji qiymətləndirilməsi, atmosferdə olan ağır metalların təyin olunması və ekoloji xəritənin tərtib edilməsi barədə hesabat dinlənilmişdir.
Qeyd edilmişdir ki, tədqiqat məqsədilə Göygöl rayonu və Daşkəsən-Gədəbəy ərazilərindən toplanan ümumilikdə 85 nümunə analiz üçün hazırlanmış və Dubna BNT Mərkəzinə göndərilmiş, sənayenin ətraf mühitə təsiri, atmosferdə ağır metalların miqdarı müəyyən edilmişdir. Qərb regionu üçün sənaye müəssisələrinin atmosfer havasına göstərdiyi təsirin ekoloji qiymətləndirilməsi, eynilə Avropanın paytaxt şəhərlərində də həyata keçirilmişdir.
Qeyd edilmişdir ki, tədqiqatlar BMT-nin ətraf mühitin qorunması proqramı çərçivəsində həyata keçirilir.
Akademik Fuad Əliyev seminarın işinə yekun vuraraq demişdir ki, müasir dövrdə ekoloji tədqiqatların aparılması taleyüklü məsələdir və bu sahədə Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə aparılan elmi işlər günümüzün ən vacib məsələlərindən biridir.
Sonda seminarın mövzusu ətrafında geniş elmi müzakirələr aparılmış, iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.