XƏBƏRLƏR
23.01.2024 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsinin Elmi şurasının növbəti iclası olub

   İclasa  Bölmənin, eləcə də müzakirələrdəki məsələlərə aidiyyatı olan, Elm və Təhsil nazirliyinin tabeliyində fəaliyyət göstərən  tədris-tədqiqat ocaqlarının rəhbərləri və əməkdaşları qatılıblar.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Elmi şuranın əsas müzakirə mövzularını, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bir gün əvvəl keçirilmiş iclasında qaldırılan məsələləri kollektivin diqqətinə çatdırıb.

   Akademik F.Əliyev Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamının tələblərindən irəli gələn  məsələlərdən, bu xüsusda Gəncə və qərb bölgəsində bu yöndə çalışan alim və tədqiqtçıların üzəridə düşən vəzifələrdən danışıb. Müvafiq institutların rəhbər və əməkdaşları ilə bu mövzularda müzakirələr aparılıb.

   Digər bir məsələyə, Gəncənin Respublikamızın iqtisadiyyatında xüsusi çəkisinin öyrənilməsinin vacib olduğuna diqqət çəkən akademik Fuad Əliyev bu mövzuya dair Bölmədə kitab ərsəyə gətiriləcəyini qeyd edib. Həmin nəşrin hazırlanması prosesi haqda sədrin müavini Sara Əzizova məlumat verib.

   Akademik Fuad Əliyev  Gəncənin tətbiqi sənət, eləcə də xalq sənətkarlığının öyrənilməsi və  Bölmədə bu mövzuları əhatə edən kitab hazırlanmasının zəruriliyindən də danışıb. Bu haqda sənətşünas professor Sevda Qurbanəliyeva da öz mülahizələrini bildirib. Kitabın materiallarının toplanması üçün işçi qrupun yaradılacağı vurğulanıb.

Şuranın iclasında elmi məqalələrin tərtibat və verilmə qaydalarından, Bölmənin Beynəlxalq əlaqələrinin genişləndirilməsi və digər cari məsələlərdən də danışılb.