XƏBƏRLƏR
31.01.2024 / Yubileylər
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə AMEA Gəncə Bölməsində dəyirmi masa keçirilib

   Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, AMEA Gəncə Bölməsində “Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı - Gəncə. Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin və AMEA Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.  Onun işində Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da iştirak edib.

   Bölmənin iclas salonunda təşkil olunan tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Vətən torpaqlarımizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Dəyirmi masanın müzakirələrini açıq elan edərkən, AMEA Gəncə Bölməsinin sədrinin müavini Rasim Tağıyev  ölkə rəhbərinin M.Ə.Rəsulsadənin 140 illiyinin qeyd olunması haqqında Sərəncamın müddəalarında  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,  Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi  və Azərbaycan Milli Elmlər Akademiyası  tərəfindən  bu görkəmli ictimai-siyasi xadimin həyat və fəaliyyətiinə həsr edilən tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib və bu günkü dəyirmi masanın da bu məqsədi daşıdığını vurğulayıb.

   Dəyirmi masada AMEA Gəncə Bölməsindən: Nizami Gəncəvi Mərkəzindən Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin milli mənsubiyyətinə və ideyalarına Məhəmməd Əmin Rəsulzadə baxışı”, Humanitar Tədqiqatlar İnstitutundan Ruziyə Quliyeva “Məhəmməd Əmin Rəsulzadə Nizami Gəncəvinin fəxriyyələri haqda”, Elmi katib Elnur Həsənov “Məhəmməd Əminin yaradıcılığında Azərbaycanın tarixi irsi”, Elmi kitabxanadan Vüsalə Hüseynova “Məhəməd Əmin Rəsulzadənin əsərləri”, İctimaiyyətlə əlaqələr şöbəsindən Zakir Muradov “M.Ə.Rəsulzadə nə üçün Azərbaycan Cümhuriyyətinin taleyini əfsanəvi Siyavuşun obrazı ilə eyniləşdirib?”, həmçinin Elm və Təhsil Nazirliyinin qurumlarından: Bioresurslar İnstitutundan İmran Qasımov “Məhəmməd Əmin Rəsulzadənin mühacirət həyatı”, Aqrar Problemlər İnstitutundan Sədaqət Adıgözəlova “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzularında çıxış ediblər.

   Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov tədbirdə çıxış edərkən ölkə başçısının sərəncamı ilə görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd edilməsini tariximizin əlamətdar səhifələrinin öyrənilməsi baxımından  əhəmiyyətini qeyd edib. O, Məhəmməd Əmin Rəsulzadənin və digər görkəmli xadimlərimizin 20-ci əsrin əvvəllərində arzuladığı və qurmaq istədiyi milli müstəqilliyimizin zəmanəmizin böyük siyasətçisi, Ümummilli lider Heydər Əliyevin müdrik və qətiyyətli strategiyası və onun davamçısı, ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyevin müasir zamanın tələblərinə uyğun olaraq  yüksək inkişafımızın təmin olunması yönündə apardığı ardıcıl uğurlu fəaliyyəti sayəsində gerçəkləşdiyini bildirib.

   Dəyirmi masanın sonunda  Rasim Tağıyev AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin adından dərin məzmunlu çıxışlara görə, iştirakçılara bir daha təşəkkür edib.