AMEA Gəncə Bölməsində dissertantlar üçün növbəti mühazirə
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “Doktorant və dissertantlar üçün ixtisas fənnindən ictimai əsaslarla mühazirələrin təşkil edilməsi” haqqında qərarının müddəalarına uyğun olaraq, AMEA Gəncə Bölməsində cari il üçün mühazirələr davam etdirilir.
AMEA Gəncə Bölməsinin sədrinin müavini, kimya üzrə fəlsəfə doktoru Sara Əzizova mühazirələrin təşkilinin məqsədinin dissertantların hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini bir daha vurğulayıb və sayca ikinci mühazirənin Bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov tərəfindən aparılacağını bildirib.
Ə. Muxtarov Bölmənin dissertantları üçün “Nizami Gəncəvi irsi – Ulu Öndər Heydər Əliyevdən Prezident İlham Əliyevədək” mövzusunda mühazirə söyləyib.
Mühazirəçi Ümummilli Lider Heydər Əliyevin dahi şair və mütəfəkkirimiz Nizami Gəncəvinin irsinin öyrənilməsi və mənimsənilməsinə, eləcə də dünya miqyasında təbliğinə milli-ideoloji strategiya səviyyəsində baxmasının səbəbləri və bu məsələlərin həyata keçirilməsi istiqamətində Ulu Öndərin istər sovet, istər də müstəqilliyimizin formalaşması dövrlərindəki fəaliyyəti haqda danışıb.
Ə. Muxtarov həmçinin Prezident İlham Əliyevin Nizami irsi ilə bağlı Ulu Öndərin həmin strateji yanaşmasını davam və inkişaf etdirərək, dahi mütəfəkkirimizin bəşəri ideya və çağırışlarının müasir dövün qarşısında duran ən vacib qlobal problemlərin həllinə töhfə verə bilən bir ideologiya səviyyəsinə qaldırmağa müvəffəq olduğunu bildirib və bu baxımdan, ölkə başçısı tərəfindən 2012-ci ildə Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin yaradılmasını böyük tarixi hadisə kimi səciyyələndirib.
Mühazirədə səslənən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.