AMEA Gəncə Bölməsində Konstitusiya Günü qeyd edilmişdir
AMEA Gəncə Bölməsində
KONSTİTUSİYA GÜNÜ QEYD EDİLMİŞDİR
AMEA Gəncə Bölməsində 12 Noyabr - Konstitusiya Günü münasibətilə “Ziyalı sözünün qüdrəti” mövzusunda dəyirmi masa keçirilmişdir. AMEA Gəncə Bölməsinin təşkilatçılığı və İctimai-siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin iştirakı ilə təşkil olunan tədbirdə Bölmənin əməkdaşları, ziyalılar iştirak etmişlər. İlk öncə iştirakçılar ulu öndər Heydər Əliyevin şəhərin Baş meydanındakı abidəsini ziyarət etmişlər. Tədbir Dövlət Himninin səslənməsi və Konstitusiya gününə həsr edilmiş video-çarxın nümayişi ilə başlamışdır. Tədbiri AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq 1995-ci il noyabrın 12-də xalqımız tərəfindən referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması münasibətilə xalqımızı və tədbir iştirakçılarını təbrik etmişdir.
İlk Konstitusiyamızın yaranmasında müasir Azərbaycan dövlətinin memarı, müdrik dövlət xadimi Heydər Əliyevin tarixi xidmətlərindən danışılmış, müstəqil ölkəmizdə Konstitusiyamız əsasında qazanılmış nailiyyətlər haqqında ətraflı məlumat verilmişdir. Vurğulanmışdır ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi üçün hüquqi baza yaratmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyada həyata keçirilən siyasi prosesləri nəzərə almaqla, Konstitusiyamıza ümumxalq səsverməsi-Referendum yolu ilə əlavə və dəyişikliklər edilməsi ölkəmizin inkişafı naminə icra edilmişdir.
İctimai-siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Konstitusiyamızın qəbulunun müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən geniş məruzə etmişdir. AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Həsənbala Sadıqov müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaratmaq iustədiyi ilk Konstitusiyası haqqında tarixi sənədlər əsasında geniş məruzə etmişdir. “Dövlət və Qanun” qəzetinin Baş redaktoru Yasəmən Əsgərova Konstitusiyamızın vətəndaşlara bəxş etdiyi hüquqi təminat haqqında çıxış etmişdir.
Sonrakı çıxışlarda ilk müstəqil Konstitusiyamızın maddələri haqqında tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Çıxışlarda siyasi, hüquqi və iqtisadi bölmələri təsbit edən Konstitusiyanın elmi və demokratik prinsiplər əsasında yaşamasında ziyalı sözünün qüdrəti xüsusilə vurğulanmışdır.