XƏBƏRLƏR
06.03.2024 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsində görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi akademik Həmid Araslının anadan olmasının 115 illiyinə həsr olunmuş konfrans keçirilib

   “Akademik Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusundakı elmi-praktik konfrans Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasinin Nizami Gəncəvi adina Ədəbiyyat İnstitutu və Gəncə Bölməsi tərəfindən təşkil olunub.

   Konfransın işində AMEA-nın pezidenti, akademik İsa Həbibəyli iştirak edib. Bakı, Gəncə və Respublikamızın digər şəhərlərinin elm və təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılarla yanaşı, konfransa Özbəkistanın  Daşkənd Dövlət Dil və Ədəbiyyat Universitetinin nümayəndələri da qatılıblar.

   Konfransın iştirakçıları Gəncə şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin  abidəsini ziyarət edərək, müasir dövlətçiliyimizin banisinin xatirəsinə ehtiramlarını bildirib, zəmanəmizin bu böyük şəxsiyyətin heykəlinin  qarşısına gül dəstələri qoyublar.  Sonra iştirakçılar Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinə yollanıblar. Bəşəriyyətin dahi fikir adamı və şairinin son mənzili, eləcə də onun bu ərazidə dəfn olunan yaxınlarının, ata-anasının qəbirləri ziyarət olunub.

   Qonaqlar Nizami Gəncəvi Muzeyində də olub, burada saxlanılan qiymətli eksponatlara baxıblar. AMEA rəhbərliyi tərəfindən Nizami Gəncəvi Muzeyinə akademik Həmid Araslının böyük şairimiz Füzulinin yaradıcılığına həsr olunan tədqiqatlarına dair kitab hədiyyə olunub.

   İclasdan əvvəl qonaqlar AMEA Gəncə Bölməsində işıq üzü görmüş elmi nəşrlərdən ibarət sərgiyə baxıblar. Konfrans işinə Bölmənin böyük salonunda başlayıb.

   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

   Konfransı giriş sözü ilə açan, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycan, eləcə də Şərq dünyası ədəbiyyatşünaslıq elminin nəhəng simalarından olan akademik Həmid Araslı ilə bağlı əlamətdar tarixə, onun anadan olmasının 115 illiyinə həsr olunmuş bu mötəbər elmi forumun iştirakçılarını alimin doğma yurdu Gəncədə salamlamaqdan məmnunluq duyduğunu bildirib. O, konfransın işinə qatıldıqlarına görə AMEA-nın prezidenti, akademik İsa Həbibəyliyə, digər tanınmış alimlərə, eləcə də Özbəkistanlı qonaqlara Gəncənin elmi ictimaiyyəti adından təşəkkür edib.  

   AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxışında  müasir dövrüzün  ən əhəmiyyətli anlarından olan 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərinin qalib millətimizin şərəflə başa vurduğu günlərindən biri kimi tariximizə yazıldığını qeyd edərək,  cənab İlham Əliyevin andiçmə mərasimindəki çıxışının mahiyyətini ölkəmizin və xalqımız üçün yeni dövrün başlanğıcı kimi xarakterizə edib, AMEA-nın bu dövrdə ilk konfransının Gəncədəki bu tədbir olduğunu vurğulayıb.

   Akademik İsa Həbibbəyli ölkə rəhbərinin Sərəncamı ilə böyük şairimiz Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsini də məhz Azərbaycançılıq işığında həyata keçirilməsini vurğulayıb. O, böyük alim Həmid Araslının füzulişünaslığımızın başlanğıcında durduğunu qeyd edib.

   Akademik İsa Həbibbəyli Həmid Araslının nizamişünaslığın əsasını qoyduğunu da xatırladıb və qeyd edib ki, Nizaminin Gəncəyə bağlı, Azərbaycan şairi olmasını alim 50 il bundan qabaq yazdığı “Şairin həyatı” kitabında sübut edir və bu əsər müasir tədqiqatlar üçün də mötəbər mənbədir.

   Akademik İsa Həbibbəyli Həmid Araslının türk dünyasının böyük şairi Əlişir Nəvai yaradıcılığı ilə bağlı araşdırmalarının nəvaişünaslığın bünövrəsi kimi dəyərləndirib və bu əməyinə görə, alimə Özbəkistanın əməkdar elm xadimi adı verildiyini xatırladıb.

   Akademik İsa Həbibbəyli Azərbaycan və Özbəkistan alimlərinin bu xüsusda əməkdaşlığını yüksək qiymətləndirib, xüsusən Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin Özbəkistandakı həmkarları ilə əlaqələrinin təqdirəlayiq olduğuna diqqət çəkib. O, Gəncə Bölməsində də Əlişir Nəvai Mərkəzinin yaradılmasının məqsədəuyğunluğunu bildirib.

   Akademik İsa Həbibəyli görkəmli alimimiz Həmid Araslının millətimiz üçün ən böyük xidmətlərindən birinin “Kitabi Dədə Qorqud”u nəşr etdirməsi və bu eposun araşdırması olduğunu xüsusi vurğulayıb.     

   Akademik İsa Həbibbəyli Gəncə Bölməsinə, onun sədri, akademik Fuad Əliyevə bu elm ocağında aparılan tədqiqatlara, elmi nəşrlərə, eləcə də mötəbər konfranslara görə o sıradan böyük alimimiz Həmid Araslının şəxsiyyətinə və irsinə həssaslıq nümayiş etdirərək, yüksək səviyyəli konfrans təşkil etdiklərinə görə təşəkkür edib.

   Akademik İsa Həbibbəyli ölkə rəhbəri tərəfindən görülən tədbirlər sayəsində dahi şəxsiyyətlərimizi yeni baxışla xalqımıza çatdırmağın milli-mənəvi intibaha  xidmət edəcəyini qeyd edib. Bu xüsusda o, AMEA tərəfindən nəşr edilən Həmid Araslının Füzuli yaradıcılığına dair kitabının da yeni nəşrini bu cür səciyyələndirib və həmin kitabın nüsxələrini Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevə və AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə və Nizami Gəncəvi Mərkəsinin direktoru Əlimuxtar Muxtarova  hədiyyə edib.  

   Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev  iştirakçıları, qonaqları, o cümlədən qardaş Özbəkistandan gəlmiş nümayəndə heyətini salamlayaraq, akaemik Həmid Araslının irsi ilə bağlı bu elmi konfransın işinə uğurlar arzulayıb.  O, Nizami yurdunun yetirməsi olan Həmid Araslının yaradıcılığını milli sərvətimiz kimi səciyyələndirib. Adil Tağıyev 12-17 ci əsrər Azərbaycan ədəbiyyatı tarixinin məhz onun tərəfindən öyrənildiyini vurğulayıb.

   Akademik İsa Həbibbəyli AMEA adından daha bir hədiyyəni, türk millətinin ana kitablarından olan, 11-ci əsrdə yaşamış Mahmud Kaşğarinin “Divani-lüğəti-türk”əsərinin Azərbaycanca nəşrini Gəncə Şəhər İcra Hakimiyyətinə və Gəncə Bölməsinə təqdim edib.   

   Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov çıxışında özbək xalqının Azərbaycana, Nizami yurduna məhəbbətini və salamlarını çatdırıb. O, böyük Nizaminin məqbərəsinin ziyarətindən qürur və təsirli hisslər duyduğunu deyib. Şuxrat Siacəddinov Həmid Araslının adının özbək almləri üçün də çox əziz olduğunu bildirib.

   AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında Həmid Araslını böyük Füzuli tədqiqatçısı kimi xarakterizə edib. O, qeyd edib ki, haırda 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” hazırlanarkən Həmid Araslı da mənən yaşayır və 115 yaşında bir gənc kimi, alimlərimiz üçün örnəkdir.

   Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru, professor  Nozliya Normuradova da çıxışında özbək alimlərinin Azərbaycanlı alimlərlə əməkdaşlığının gündən-günə sıxlaşdığının sevindirici olduğunu vurğulayaraq, Həmid Araslı irsinin xalqlarımız üçün əziz adlar olan Nizami ilə Nəvaidən keçdiyinin simvolik məna daşıdığını dilə gətirib.

   Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov  Gəncədə yetişmiş Həmid Araslını dahi Nizami Gəncəvi varisliyi ənənəsinin davamçısı olduğunu qeyd edib. O, gənc alim Həmid Araslının bu qədim şəhərin müdrik müəllimərindən dərs aldığını bildirib.

   AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan, fil.ü.f.d., dos. Zəhra Allahverdiyeva  çıxışında Həmid Araslının milli ədəbiyyat tariximizin Məhsəti Gəncəvi və digər naməlum müəlliflərinin aşkar edilməsi və onların yaradıcılığının araşdırılması istiqamətindəki əvəzsiz xidmətlərindən də söz açıb.

   Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi, filologiya elmləri doktoru Gülbahar Aşurova xalqlarımızı birləşdirən dəyərlərdən danışıb. O, özbək şairi, mərhum Camal Kamalın Nizaminin əsərlərinin özbək dilinə çevirməsinin xüsusiyyətlərindən söhbət açıb, həmçinin həmin şairin “Azərbaycan” şeirini səsləndirib.

   Gəncə Dövlət Universitetinin müəllimi Cahan Ağamirov öz müəllimi Həmid Araslı haqqında xatirələrini və onun elmi tədqiqatlara yanaşma üsullarının xüsusiyyətlərindən danışıb.

   Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan  Hürnisə Bəşirova böyük alimimizin Azərbaycan ədəbiyyatşünaslıq məktəbinin formalaşmasındakı rolundan söhbət açıb.

   Böyük alimimizin övladı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı öz çıxışında bildirdi ki, ölkə rəhbərinin milli-mədəni dəyərlərimizə diqqəti sayəsində xalqımızın inkişafında rolu olmuş şəxsiyyətlərin irsinə yeni baxış formalaşır. Nüşabə xanım həmçinin atası ilə bağlı xatirələrini bölüşərək, qeyd edib ki, Həmid Araslı heç vaxt xalqımızın güya yaxın keçmişlərdə savadsız və aciz halda olduğu haqda qəsdən yayılan fikirlərlə mübarizə aparıb və azərbaycanlıların tarixin bütün dövrlərində yaradıcı və sağıam düşüncəli ruha malik olduğunu dönə-dönə vurğulayıb. Nüşabə xanım həmçinin bildirib ki, Həmid Araslının Gəncədə müəllimlərinin ona yalnız elm deyil, insanlıq öyrətdiklərini deyirmiş. Alimin övladı Həmid Araslının elmi irsinə və şəxsiyyətinə ehtiram və bu günkü dövrün tələbləri baxımından yaradıcı münasibətə görə AMEA-ya, onun prezidenti, akademik İsa Həbibəyliyə, Gəncə Bölməsinə və onun sədri, akademik Fuad Əliyevə, konfransın iştirakçılarına və qonaqlarına, Gəncə şəhərinin rəhbərliyinə  minnətdarlıq bildirib.

   Konfransı yekunlaşdırarkən, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görkəmli alimimiz Həmid Araslının zəngin irsinin işığında keçən bu konfransa hədsiz diqqət göstərərək, onun işində fəal iştiraka görə hörmətli akademiklərimiz İsa Həbibbəliyə, Teymur Kərimliyə, digər dəyərli alim və tədqiqatçılarımıza, Nizami Gəncəvi, Əlişir Nəvai və türk- şərq ədəbi və fikir aləminin tədqiqatlarının nəhəng simalarından olan Həmid Araslı irsinə bu gün bir daha doğmalıq nümayiş etdirən özbək alimlərə dərin təşəkkürünü bildirib.

   Konfransın sonunda  Bölmə tərəfindən Gəncənin qonaqlarına Həmid Araslıya həsr olunan konfransın materiallarını və bu böyük alim haqqında məşhur elm və ictimai xadimlərin fikirləri toplanmış kitablar, həmçinin bu qədim şəhərin tarixi abidələrini özündə əks etdirən tablolar hədiyyə olunub.

   Daşkənli qonaqlar da qarşılıqlı hədiyyələr, özbək milli rəmzlərinin təsviri olan medalyonlar təqdim ediblər.

   Onu da bildirək ki,  “Akademik Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusundakı elmi-praktik konfransa göndərilmiş materiallardan 36-sı müsbət rəylə qəbul edilib. Onların sırasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan, fil.e.d. Almaz Binnatova “Əmir Əlişir Nəvai irsi Həmid Araslı tədqiqatlarında”, Sənubər Səmədova Azərbaycan ədəbiyyatının Özbəkistanda tərcüməsi və nəşri məsələləri”, fil.ü.f.d., dos. Zəhra Allahverdiyeva  “Akademik Həmid Araslı və Nizami Gəncəvi irsi”, fil.e.d.Yaşar Qasımbəyli “Əlişir Nəvainin epik yaradıcılığı müqayisəli ədəbiyyatşünaslıqda”, fil.ü.f.d., Vəfa Hacıyeva “Nizami Gəncəvi dünyagörüşünün dini-mistik aspekti («Sirlər Xəzinəsi» məsnəvisinin təhlili əsasında)”, Hürnisə Bəşirova,”Nizami Gəncəvi yaradıcılığında aforizmlər və türkizmlər”,  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan fil.ü.f.d.,dos. Əzizağa Nəcəfzadə “Həmid Araslı Nizami Gəncəvinin Türklüyü haqqında”, fil.ü.f.d.Elnurə Babayeva “Həmid Araslı Əbdürrəhman Cami yaradıcılığı barədə”, Pərvanə Teyyubova, “Həmid  Araslı  tədqiqatında Tofiq Fikrət yaradıcılığı”,  fil.ü.f.d. Sevinc Bayramova “Azərbaycan mətnşünaslığının inkişafında akademik Həmid Araslının rolu”, Rəna İskəndərli “Həmid Araslı və Şəmsəddin Saminin Azərbaycan ədəbiyyat-şünaslığındakı xidmətləri”, Rüxsarə Məmmədova “Həmid Araslı mətnşünas alim kimi tədqiqatlarda”, Şirvan şəhəri 16 №-li orta məktəbdən müəllim  fil.ü.f.d. Şəhla Məcidova “Həmid Araslı xatırlanarkən”, AMEA Gəncə Bölməsi Humanitar Tədqiqatlar İnstitutundan fil.ü.f.d. Ruziyə Quliyeva  “Həmid Araslı və Nəsimi”, Sənubər Abdinova “Həmıd Araslı və Koroğlu Eposu”, Bölmədən Elnur Həsənov Tarixi irsimizin tədqiqində akademik Həmid Araslının xidmətləri”, Vüsalə Hüseynova “Akademik Həmid Araslının elmi irsi”, lahə Ələkbərova Həmid Araslı Saib Təbrizi yaradıcılığı barədə”, Nizami Gəncəvi Mərkəzindən Türkan Verdiyeva Həmid Araslı  və onun“Şairin həyatı” əsərində XII əsr Gəncə mühiti və Nizami Gəncəvi obrazı”,Aynur Mirişli “Kitabi-Dədə Qorqud” da  Həmid Araslı rolu”, Leyla Kərimova Həmid Araslı yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanının əhəmiyyəti, 

   Nizami Gəncəvi Mərkəzindən fil.ü.f.d. Əlimuxtar Muxtarov “Həmid Araslı Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvidən başlayan varislik ənənəsinin davamıdır”, Təranə Verdiyeva, “Həmid Araslının Gəncə qeydləri: “Şairin həyatı” povesti əsasında”, Xəyalə Hüseynova, “Nizami Gəncəvi Həmid Araslının gözü ilə”, Sumqayıt Dövlət Universitetindən baş müəllim Əli Rzayev “Nizami Gəncəvi Həmid Araslının tədqiqatlarında,  Bakı Dövlət Universitetindən fil.e.d.,professor Yeganə İsmayılova “Kitabi-Dədə Qorqud”un Azərbaycan cəmiyyətinə “Gəliş”i tarixi və “Yasaq” dövrü”, Gəncə Dövlət Universitetindən t.ü.f.d.,dos. Cavid Bağırzadə “Kitabi-Dədə Qorqud”un fədakar tədqiqatçısı”, Azərbaycan Dövlət İqtisad Universitetindən fil.ü.f.d. Günal Səfərli “Həmid Araslı yaradıcılığında Nizami və Füzuli izləri”, Azərbaycan Dövlət Pedaqoji Universitetindən fil.ü.f.d. Günel Hümmətova “Həmid Araslı yaradıcılığının ümumi mənzərəsi”, fil.ü.f.d. Sahilə İbrahimova “Mətnşünas Alim Həmid Araslı”, Leyla Həsənova “Görkəmli Alim Həmid Araslı”,  universitetin Şamaxı filialından fil.ü.f.d. Eyvaz Eminalıyev “Həmid Araslı və Azərbaycan ədəbiyyatı tarixi”, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən fil.ü.f.d. Gülnar Cəfərzadə “Azərbaycan-Özbəkistan ədəbi əlaqələri Həmid Araslı tədqiqatlarında” mövzularında məruzələr vardır.

   Konfransdan sonra AMEA Gəncə Bölməsində Özbəkistan alimləri ilə birgə bir xoş yenilik addımı atılıb. Belə ki, Bölmədə Əlişir Nəvai Mərkəzinin yaradılması haqqında AMEA Prezidentinin iştirakı ilə memorandum imzalanıb. Sənədi AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov imzalayıblar.

   Akademik İsa Həbiibbəyli  mərkəzin yeni istiqamətlərin müəyyənləşməsinə, birgə tədqiqatların aparılmasına, həmçinin dost  ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

   Akademik Fuad Əliyev yaxın müddət ərzində yeni qurumun texniki və araşdırma fəaliiyəti məsələlərinin tam həll olunacağını qeyd edib.

   Akademik Şuxrat Siracəddinov Daşkənddə Nizamişünaslıq və Füzulişünaslıq, Bakıda Nəvaişünaslıq mərkəzlərinin fəaliyyət göstərdiyini, indi isə bu yöndə Gəncədə addımlar atıldığnı qeyd edib və  sözügedən mərkəzlərin iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafında körpü rolunu oynadığını vurğulayıb.