XƏBƏRLƏR
27.03.2024 / Konfranslar, iclaslar
AMEA GƏNCƏ BÖLMƏSİNDƏ 27 MART – “ELM GÜNÜ”NƏ HƏSR OLUNAN KONFRANS KEÇİRİLİB

   Müstəqil dövlətimizin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, 2018-ci il aprelin 9-da ölkə rəhbəri, cənab  İlham Əliyev Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb və bu dövlət sənədinə əsasən hər il mart ayının 27-si ölkəmizdə “Elm günü” kimi  qeyd edilir.

   Elmimizin inkişafına daim töhfələr vermiş Gəncədə də bu əlamətdar tarix ənənəvi olaraq, konfranslar, festivallar, sərgilər və elmimizin populyarlaşdırılmasına xidmət edən digər tədbirlərlə qeyd edilir.

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA Gəncə Bölməsi tərəfindən 27 mart – “Elm günü” münasibətilə konfrans keçirilib.  AMEA Gəncə Bölməsində keçirilən bu tədbirə şəhərin elmi ictimaiyyəti qatılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev də konfransın işində iştirak edib.

   Konfransın iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan meydana gələrək, müstəqil dövlətçiliyimizin banisi Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güllər düzüblər.

   AMEA Gəncə Bölməsində bu əlamətdar gün münasibətilə düzənlənmiş sərgidə Gəncə alimlərinin nailiyyətləri nümayiş olunub.

   Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiaəlik sükutla yad edilməsi ilə başlayıb.

   Ardınca Gəncədə əvvəlki illərdə keçirilən elm günləri və festivallarına dair AMEA Gəncə Bölməsi tərəfindən hazırlanan videoçarx nümayiş olunub.

   Elm Gününə həsr edilmiş konfransda açılış nitqi ilə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Gəncənin tarixən köklü elmi ənənələrə malik olduğunu xatırladıb. O, müasir tariximizdə Respublikamızın ikinci şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib, həmçinin elmimizin səviyyəsinin yüksəldilməsinin müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə ölkə rəhbəri cənab İlham Əliyevin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

   Akademik Fuad Əliyev çıxışında həmçinin Gəncə və bölgədəki tədqiqatların istiqamətləri haqda danışıb, eləcə də elmi tədqiqat ocaqlarının maddi-texniki bazasının, onların cihaz və avadanlıq təchizatının yaxşılaşdırılması məsələsinin vacibliyinə toxunub. 

   Gəncə  şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında Elm Günü münasibətilə təbriklərini çatdırıb, alimlərimizin müstəqilliyimizin möhkəmləndirilməsinə və cəmiyyətin inkişafına böyük töhfələr verdiyini vurğulayıb. O, həmçinin Respublikamızın, o cümlədən onun ikinci şəhəri Gəncənin elmi potensialının yüksək olduğunu qeyd etməklə, alimlərin öhdəsinə Vətənimizin iqtisadi və sosial inkişafı naminə böyük vəzifələr düşdüyünü bildirib.

   Konfransıda AMEA Gəncə Bölməsinin, eləcə də Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən qurumların alim, mütəxəssis və tədqiqatçıları – “Gəncənin maarifçi ədəbiyyatşünasları”, “İctimai elmlər üzrə fəaliyyət göstərmiş əslən gəncəli olan görkəmli elm xadimləri”, “Qərb regionunun kimyaçı akademikləri”, “Azərbaycan kimya elminin baniləri”, “Qərb regionunun aqrar və biologiya üzrə tanınmış elm xadimləri” və ”Fizika-riyaziyyat elmləri üzrə tanınmış gəncəli alimlər” adlı mövzular üzrə çıxış ediblər.

   Akademik Fuad Əliyev konfransda çıxış və iştirak edənlərə təşəkkürünü bildirib, həmçinin bu elmi görüşün materiallarının kitabça şəklində çap olunmasını tapşırıb.

   Konfransda həmçinin elmi və təşkilati fəaliyyəti ilə fərqlənən əməkdaşlara Elm Günü münasibətilə Fəxri Fərman və Təşəkkürnamələr təqdim olunub.

   Tədbirin sonunda Elm Gününə həsr olunmuş konfransın iştirakçıları adından AMEA-nın prezidenti, akademik İsa Həbibəyliyə aşağıdakı müraciət qəbul edilib:

 

“Elm günü münasibətilə Gəncə Bölməsində keçirilən elmi-praktik konfransın iştirakçıları adından

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyliyə

MÜRACİƏT

   Hörmətli İsa müəllim!

   Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Elm günü”nün təsis edilməsi ilə bağlı imzaladığı 9 aprel 2018-ci il tarixli Sərəncamına və AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən Gəncə Bölməsində bu əlamətdar tarixi günə həsr edilmiş tədbir keçirilmişdir.

   Müstəqil dövlətçiliyimizin memarı və qurucusu olan Heydər Əliyev elmimizin ali qurumu olan Azərbaycan Milli Elmlər Akademiyası haqqında demişdir:

   “Azərbaycanın Elmlər Akademiyası bizim milli sərvətimizdir”.

   Ulu öndərimizin qərarları əsasında ötən əsrin 70-80-ci illərində Azərbaycanda yaranan elmi məktəblər yalnız elmi kadrların hazırlanmasında deyil, həmçinin regionların sosial-iqtisadi inkişafına səbəb olmuş, xüsusən İkinci Qarabağ müharibəsindəki zəfər qələbəmizin qazanılmasında böyük rol oynamışdır.

   Ümummilli liderimizin layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə neft kapitalının əqli mülkiyyətə çevrilməsi artıq reallışmış, elmimizin və təhsilimizin inkişafına səbəb olmuşdur.

   Ali Baş Komandan cənab İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı verilmiş sərəncam və qərarlarda, həmçinin “Elm” haqqında qanunda ölkəmizin əsas intellektual səviyyəsinin yüksəldilməsi nəzərdə tutulmuşdur.

   Milli-mənəvi dəyərlərimizin mərkəzi olan Gəncə şəhərində “Elm günü”nə həsr edilmiş tədbir dövlət rəhbəri cənab İlham Əliyevin elmimizə və təhsilimizə göstərdiyi diqqət və qayğının təzahürüdür.

   Sizin rəhbərliyinizlə Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən struktur dəyişiklikləri və yeni şöbələrin yaradılması Gəncə Bölməsində də həyata keçirilmiş, yeni gənc kadrların hazırlanmasına səbəb olmuşdur.

   Artıq Gəncə Bölməsinin gənc kadrları da “Web of Science” və “Scopus” bazalarının nüfuzlu xarici jurnallarında elmi əsərlər nəşr etdirmiş, Azərbaycan alimlərinin “Google Scholar” beynəlxalq bazasında Bölmə əməkdaşının mövqeyi dördüncü pilləyə yüksəlmişdir.

   Gəncə Bölməsində Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər siyahısına daxil olan Xəbərlər Məcmuəsinin “Təbiət və texniki elmlər”, “İctimai və humanitar elmlər” jurnalları nəşr edilir və bu da gənc elmi kadrların yetişməsində böyük əhəmiyyət kəsb edir.

   Ölkə prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elm mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında”kı Sərəncamına əsasən AMEA institutlarında fəaliyyət göstərən istedadlı gənc alimlər inkişaf etmiş ölkələrin elmi mərkəzlərində təcrübə keçirlər.

   Sizin təşəbbüsünüzlə AMEA alimlərinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə “Web of Science” və “Scopus” bazalarında nəşr olunan məqalələrə görə mükafatların təsis edilməsi ənənəsi illər sonra bərpa edilmişdir.

   Elmimizin gələcəyi olan gənc alim və mütəxəssislərin fəaliyyətinin gücləndirilməsi məqsədilə məhz Sizin təşəbbüsünüzlə AMEA-da “İlin gənc alimi” mükafatı təsis edilmiş və ən yüksək elmi nəticələri olan gənc tədqiqatçılara təqdim edilmişdir.

   Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Gəncədə monoqrafiyalar nəşr edilmiş, Ulu Öndər Heydər Əliyevin, görkəmli elm, mədəniyyət və dövlət xadimlərinin - Məhəmməd Əmin Rəsulzadənin, akademik Həmid Araslının yubileyləri qeyd edilmiş, Naxçıvan Muxtar Respublikasının yaradılmasının və “Azərbaycan məktəbi” jurnalının təsis edilməsinin 100 illik yubileyləri münasibətilə tədbirlər keçirilmişdir.

   Gəncə Bölməsində alimlərin əldə etdikləri nailiyyətlərə görə AMEA Rəyasət Heyətinin “Fəxri Fərmanları” və “Təşəkkürnamələri” təqdim edilmişdir.

   Hörmətli İsa müəllim!

   Gəncə Bölməsində “Elm günü” münasibətilə keçirilən tədbirin iştirakçıları və elm ictimaiyyəti Sizə çox çətin və mürəkkəb olan Azərbaycan elminin inkişafında, elmimizin başqa ölkələrə inteqrasiya olunmasında həyata keçirdiyiniz bütün bu işlərə görə minnətdarlığımızı bildirir, cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyət arzu edirik.

    Hörmətlə, AMEA Gəncə Bölməsinn sədri,  akademik Fuad Əliyev

    Gəncə şəhəri, 27 mart 2024-cü il”

   Onu da qeyd edək ki, akademik Fuad Əliyevin təşəbbüsü ilə, hər il Gəncədə Elm Günü keçirilən tədbirlərin davamlı ənənəsi kimi, Gəncə ilə bağlı olan tanınmış akademiklərin - tibb elmimizin  görkəmli nümayəndəsi Zülfüqar Məmmədovun, Azərbaycan elektroenergetika elminin banisi Çingiz Cuvarlının və aqrar elmimizin inkişafında öz izi olan Məmmədtağı Cəfərovun şəhərin qədim “Səbzikar” qəbristanlığındakı məzarları da ziyarət olunub.