XƏBƏRLƏR
17.04.2024 / Mühüm hadisələr
AMEA Gəncə Bölməsinin iki əməkdaşı gənc tədqiqatçıların imkanlarının yüksəldilməsinə dair kurslarda iştirak edib

   ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilən və ADA Universiteti tərəfindən təşkil olunan “Azərbaycanda Tədqiqat Mədəniyyətinin Artırılması” (“Enhancing Research Culture in Azerbaijan”) adlı proqramda AMEA Gəncə Bölməsinin təmsilçiləri - Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Aynurə Əmiraslanova və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı uğurla iştirak ediblər.

   Sosial və humanitar elmlər üzrə magistr tələbələri, müstəqil tədqiqatçılar və gənc müəllimləri hədəfləyən 5 aylıq proqram Azərbaycanda mütəxəssislərin tədqiqat potensialını gücləndirmək məqsədi daşıyır. Program "Sosial tədqiqat metodları", "Akademik yazı" və "Statistik analiz" kimi tədqiqat yönümlü dərslərdən ibarətdir. ADA Universitetinin aparıcı professorlarının rəhbərlik etdiyi bu kurslar iştirakçılara təsirli akademik məqalələr yazmaq, habelə onları beynəlxalq, regional və milli seminar və konfranslarda dərc etmək imkanı yaradır.

   Kursun yekununda proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunub.