
AMEA Gəncə Bölməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan dəyirmi masa keçirilib
Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş “Müstəqil dövlətimizin qurucusu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gülllər qoyub, müasir dövlətçiliyimizin memarının əziz xatirəsinə ehtiram bildiriblər.
AMEA Gəncə Bölməsinin dəyirmi salonunda keçirilən müzakirələrdə giriş sözü ilə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin formalaşdırılması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. O, həmçinin xüsusi olaraq vurğulayıb ki, respublikamızın ikinci şəhəri olan Gəncənin sənayesi, mədəniyyəti, təhsili, səhiyyəsi və digər vacib sahələrinin daim inkişafda olmasının təmin edilməsi məhz Ulu Öndərin strateji düşüncə və əməlinin nəticəsidir. Akademik Fuad Əliyev bu xüsusda, qərb bölgəsinin davamlı inkişafının elmi əsaslarla qurulması üçün Gəncədə çoxşaxəli istiqamətləri əhatə edən elmi mərkəzin qurulmasına Ulu Öndərin tarixi töhfə verdiyini qeyd edib.
Sonra dəyirmi masanın məruzələri dinlənilib.
AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, fil.ü.f.d Əlimuxtar Muxtarov “Azərbaycan nizamişünaslığının inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri”, AMEA Gəncə Bölməsi, Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d., dosent Samirə Qasımova “ Heydər Əliyev müasir tariximizi yaradan dahi şəxsiyyətdir”, AR ETN Bioresurslar İnstitutunun direktoru k.ü.f.d., dosent İmran Qasımov “Heydər Əliyevin elm və təhsilə göstərdiyi qayğı”, AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, f.ü.f.d. Nərgiz Rəsulova “Heydər Əliyev və Gəncənin İnkişaflında yeni mərhələ”, AMEA Gəncə Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “Ulu Öndər Heydər Əliyevlə bağlı Gəncədə yaşayan həzin xatirələrdən biri: Mən Gəncədə çinar əkəcəyəm” mövzularında çıxış ediblər.
AMEA Gəncə Bölməsinin sədrinin müavini Rasim Tağıyev də çıxış edərək, Ulu Öndərin Azərbaycanın çiçəklənməsi üzrə uzaqgörən strategiyasının bu günkü təntənəsindən danışıb.
Dəyirmi masanın yekununda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbir iştirakçılarına minnətdarlıq bildirərək, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyasının bu günümümzdə onun layiqli davamçısı, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına cavab verən şəkildə davam etdirildiyini qeyd edib və bu yolda ziyalılarımızın həmrəyliyinin vacib olduğunu vurğulayıb.