
AMEA Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər şurasına yeni sədr seçilib
Bölmənin Gənc alim və mütəxəssislər şurasının tərkibində yaş həddinə əsasən dəyişiklik edilməsi zərurəti yaranıb. Bu haqda AMEA Gəncə Bölməsi sədrinin müavini Sara Əzizova şuranın iclasında çıxış edib və gənc əməkdaşlara bu baxımdan quruma sədrlik üçün yeni namizədin irəli sürülməsini təklif edib.
İştirakçılar tərəfindən Bölmənin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vüqar Əhmədlinin bu vəzifə üçün ən uyğun gənc mütəxəssis olduğu qeyd edilib və onun namizədliyi irəli sürülüb.
Şura üzvlərinin açıq səsverməsi nəticəsində V. Əhmədli yekdilliklə AMEA Gəncə Bölməsinin Gənc alim və mütəxəssislər şurasının sədri seçilib.
Qeyd edək ki, Beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, filoloq Vüqar İlqar oğlu Əhmədli bir sıra elmi konfrans və digər tədbirlərdə, eləcə də Bölmənin ictimai həyatında öz fəallığı ilə seçilən gənc mütəxəssislərdəndir. Ötən ilin yekunlarına görə o, AMEA prezidenti, akademik İsa Həbibbəylinin imzası ilə “İlin gənc alimi” diplomu, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin imzası ilə “İlin ən fəal gənc tədqiqatçısı” Fəxri fərmanı ilə təltif edilib.
Toplantıda həmçinin Bölmənin Humanitar Tədqiqatlar İnstitutunun əməkdaşı Fatimə Qurbanova səsmermə ilə Gənc alim və mütəxəssislər şurasının məsul katibi seçilib.
Gənc alim və mütəxəssislər şurasının yeni tərkibi ilə keçirilən iclasda tədqiqatların səmərəliliyinin yüksəldilməsi, araşdırma, məqalələrinin keyfiyyətinin, eləcə də elmin populyarizasiyasi yönündə ictimai fəallığın artırılması məsələləri də müzakirə edilib.