XƏBƏRLƏR
13.06.2024 / Mühüm hadisələr
Gəncədə ekoloji problemlərə dair forum keçirilib

   Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, həmin Nazirliyin Dendrologiya,  Ekologiya və Təbii Ehtiyatlar,  Bioresurslar, Aqrar Problemlər institutları, Gəncədəki Nəbatat Bağı, Azərbaycan Texnologiya Universiteti,  və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göygöl Milli Parkı tərəfindən “İqlim dəyişkənliyi şəraitində təbii floranin müasir vəziyyəti və biomüxtəlifliyinin qorunmasi” mövzusunda forum keçirilib.

   Elmi tədbirdə adı çəkilən qurumların nümayəndələri,  alim və tədqiqatçıları iştirak ediblər.

   Forumun istiqamətləri  təbii floranın müasir vəziyyəti və növ müxtəlifliyi, ekoloji amillərin – işıqlanma, istilik və rütubətin, sənaye çirkləndiriciləri və texnogen amillərin, nəqliyyat vasitələrinin tullantılarının bitki örtüyünə təsirləri, həmçinin iqlim dəyişkənlikləri və bitkilərdə uyğunlaşma və introduksiya və yaşıllaşdırma tədbirləri və təbii floranın bərpası məsələlərini əhatə edib.

   Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü naminə canlarından keçmiş Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

   Forumu açarkən, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları salamlayıb. O,  2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə tərəfdaşlıq Konfransının (COP29) Azərbaycanda keçiriləcəyini ölkəmizin beynəlxalq arenada daha bir uğuru kimi dəyərləndirərək, qlobal ekoloji və iqlim dəyişiklikləri problemləri ilə mübarizədə ölkəmizin nüfuzlu söz və əməl sahibinə çevrildiyinə diqqət çəkib. Akademik Fuad Əliyev alim və tədqiqatçılarımızı müasir dünyanı təhdid edən ekoloji problemlərinin həllinə  öz töhfələrini verməyə çağırıb və bu forumun işinə uğurlar arzulayıb.

   Bitki Mühafizə və Texniki Bitkilər Elmi  Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov  forumun istiqamətləri və proqramının zənginliyini qeyd edib və qlobal ekoloji problemlərin xarakterik səbəbləri, həmçinin ölkəmizdə bu istiqamətdə həlli vacib məsələlər haqda danışıb.   

   Dendrologiya İnstitutunun direktoru, dosent Minarə Həsənova, Gəncədəki Nəbatat Bağının Bitki ehtiyatları şöbəsinin müdiri, professor Aynur Bayramova təbiətin mühafizəsi, flora və faunanın bərpası və ekoloji profilaktik tədbirləri əhatə edən məsələlər haqda çıxış ediblər.

   Sonra forumun məruzələri dinlənilib. AR ETN Dendrologiya İnstitutu, Bitki mühafizəsi laboratoriyasının müdiri b.ü.f.d., dosent, Şaməddin Qəhrəmanov “Abşeron dendroflorasının müasir fitosanitar vəziyyəti”, AR ETN Aqrar Problemlər İnstitutu, Alternativ enerjidən istifadə şöbəsinin müdiri b.e.d., professor Vəfa Məmmədova “İqlim dəyişmələri və onların çay axınına təsiri”, AR ETN Dendrologiya İnstitutu elmi işçisi, b.ü.f.d, Dilrubə Əliyeva “Abşeron Milli Parkının bitki örtüyü”, b.ü.f.d. Elnara Salahova “Hidrangea Macrophilla (TUNB) Ser növündə xloros xəstəliyi və mübarizə tədbirləri”, AR ETN Dendrologiya İnstitutu elmi işçisi, b.ü.f.d., Mərdan Tağıyev “Zeytun bitkisinin təhlükəli zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri”, AR ETN Dendrologiya İnstitutu elmi işçisi Vüsalə Bədəlova “Tropik mənşəli Passiflora L. Cinsinə aid bəzi növlərin sinir sistemi  xəstəliklərində istifadəsi”, AR ETN Dendrologiya İnstitutu elmi işçi Vüsalə İsmayılova  “Ətraf mühitin insan sağlamlığına təsiri”, AR ETN Nəbatat Bağının (Gəncə) direktoru Nizami Nağıyev  “Müasir vəziyyət və ekoloji problemlər”,  AR ETN Bioresurslar İnstitutunun direktoru k.ü.f.d. dosent, İmran Qasımov  “Yaşıl dünya naminə həmrəlik ilində biotexnologiyaların əhəmiyyəti”, AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun kiçik elmi işçisi Fidan Ələsgərova “Naften franksiyasının dərman vasitəsi kimi əczaçılıq sahəsində tətbiqi” mövzularında çıxış ediblər.

   Forumda ARETSN Göygöl Milli Parkının direktoru Fuad Quliyev  isə Parkın heyvanat aləminin zənginliyini əks etdirən video materialla çıxış edib.

   Konfransdakı çıxışlar və məruzələr ətrafında müzakirələr aparılıb.