AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatı 7 illik hesabat verib
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Həmkarlar Təşkilatının 2017 - 2023-cü illər ərzində gördüyü işlər Bölmənin kollektivinin ümumi iclasında müzakirə edilib.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov da iştirak edib.
Müşavirəni giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq, bu elm ocağının yarandığı və inkişaf etdiyi bütün dönəmlərdə onun Həmkarlar Təşkilatının daim fəallıq, yüksək bacarıq və təcrübə nümayiş etdirdiyini qeyd edib. Akademik Fuad Əliyev bu günkü toplantının da yerli Həmkarlar Təşkilatının kollektiv qarşısında hesabat verməklə yanaşı, əməkdaşların səmərəli təklif və tövsiyələrinə həssalıqla yanaşacağına inandığını bildirib.
Akademik Fuad Əliyev toplantıda iştirak etdiyinə görə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənova təşəkkür edib.
2017-2023-cü illər ərzində görülən işlər haqqında AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatının sədri Nailə Hacıyeva geniş məlumatla çıxış edib.
Hacıyeva hər il təşkilatda mütəmadi olaraq, ümumi iclaslarının keçirildiyini, təkcə ötən 2023-cü ildə 6 iclas keçirildiyini və müvafiq məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildiyini bildirib.
O, həmçinin Bölmədə keçirilən tədbirlər haqda danışaraq, Həmkarlar Təşkilatı tərəfindən 8 mart Beynəlxalq qadınlar günü, Novruz bayramı, Ramazan və Qurban bayramları, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar bir sıra əməkdaşlara Fəxri Fərmanlar, mükafatlar təqdim edildiyini, eləcə də kollektivin bütun üzvlərinə bayram sovqatları verildiyini qeyd edib.
Məruzədə həmçinin hesabat dövründə Həmkarlar Təşkilatı tərəfindən əməkdaşların rifahı, sağlamlığı, istirahəti, qayğıları, həyatda əlamətdar günləri və əmək prosesində həvəsləndirilməsi üçün bir sıra əməli tədbirlərin aparıldığı qeyd edilib. Belə ki, yeddiillik dövrdə hər il, ildə 2 dəfə komitə iclaslarında AMEA Gəncə Bölməsinin aztəminatlı əməkdaşların ərizələrinə baxılıb və onların hər birinə 100 manat (yüz manat) məbləğində maddi yardım verilib; hər il mart ayının 27-də “Elm günü” münasibətilə keçirilən tədbirlərdə elmi tədqiqatlarda fəal olan əməkdaşlar Fəxri Fərmanlarla təltif olunublar; yay mövsümlərində 28 nəfər əməkdaşa Bakıətrafı sanatoriyalarda və Nabranın istirahət mərkəzlərində istirahət və müalicə olunmaq üçün yol vərəqələri verilib; sentyabr ayının 12-də Bilik gününə həsr edilmiş tədbirdə Bölmə əməkdaşlarının, övladlarının və nəvələrinin ali təhsil məktəblərinə daxil olmaları münasibətilə yeddi ildə ümumilikdə 38 nəfərə maddi mükafat verilib; dövr ərzində Gəncə Bölməsinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə 7 nəfər əməkdaşın yubiley tədbirləri (AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 70, sədr müavini Rasim Tağıyevin 70, AMEA-nın müxbir üzvü Vaqif Novruzovun 80, laboratoriya müdiri Mahirə Şərifovanın 65, Səfayət Babayevanın 60, mühafizəçi Akif Novruzovun 70, xadimə Mənsurə Məmmədovanın 60 illkləri ) keçirilib və hər biriniə xoş arzularla hədiyyələr təqdim edilib; 30 sentyabr 2022-ci ildə Bölmədə çalışan bir nəfər əməkdaş - xadimə Nabat Ələkbərova təqaüdə yola salınıb, ona maddi mükafat verilib.
Hesabat məruzəsində daha sonra 2020-ci ildə dünyanı bürüyən “COVİD-19” pandemiyası zamanı Bölmənin 17 nəfər əməkdaşının koronavirus xəstəliyinə yoluxduğu qeyd edilib və onların hər birinə maddi kömək göstərildiyi, həmçinin zəruri profilaktik tədbirlərin aparıldığı, həmçinin hal hazırda da Bölmənin binasının dəhlizləri və bütün otaqlarının həftədə bir dəfə dezinfeksiya olunduğu bildirilib.
Hesabatda 27 sentyabr 2020-ci il tarixində II Qarabağ - Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq AMEA Gəncə Bölməsinin Azərbaycan Milli Elmlər Akademiyasında olan hesab nömrəsinə 1000,00 (bir min) manat, həmçinin kollektivin birgə topladığı 7245,00 (yeddi min iki yüz qırx beş) manat məbləğində vəsait Azərbaycan Silahlı Qüvvələrinə köçürüldüyü, müharibə dövründə döyüşən əsgərlərimizə 2 dəfə 700,00 (yeddi yüz) manat məbləğində isti geyimlər alınıb çatdırıldığı, müəssisədə çalışan əməkdaşların, eləcə də əməkdaşların həyat yoldaşları və övladlarının II Qarabağ - Vətən Müharibəsində iştirak etdiklərinə görə bir maaş qədər mükafatlandırıldıqları, 19 noyabr 2020-ci il tarixində II Qarabağ - Vətən Müharibəsinin başa çatması münasibətlə kişi əməkdaşlarının iştirakı ilə “Qələbə” gününün qeyd edildiyi, 2023-cü il noyabrın 6-da “8 Noyabr Zəfər Günü”nə həsr edilmiş Konfrans keçirildiyi, Həmkarlar Təşkilatı tərəfindən I və II Qarabağ müharibəsi iştirakçılarının hər biri maaş qədər mükafatlandırıldığı, II Qarabağ müharibəsinin iştirakçısı Əhməd Əkrəm oğlu Aslanovun Bakı şəhərinə AMEA Azad Həmkarlar İttifaqının təşkil etdiyi tədbirə dəvət edildiyi və 100 manat (yüz manat) məbləğində mükafatlandırıldığı bildirilib.
Hesabat məruzəsində 7 fevral 2023-cü ildə qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar, Gəncə Bölməsinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə 2445 (iki min dörd yüz qırx beş) manat məbləğində yardım toplanaraq “Ziraat Bank” Azərbaycan ASC AFAD-ın rəsmi hesabına keçirildiyi, eləcə də AMEA Azad Həmkarlar İttifaqının Gəncə Bölməsinin Həmkarlar Təşkilatının hesabından 3000.00 (üç min) manat “Ziraat Bank” Azərbaycan ASC AFAD-ın rəsmi hesabına ianə edildiyi də qeyd olunub.
O da bildirilib ki, Gəncə Bölməsinin sədri, akademik F. Əliyevin 22 iyun 2022-ci il tarixli 10 saylı sərəncamı ilə Bölmədə elan edilmiş “2022-ci ilin ən yaxşı elmi işçisi” müsabiqəsinin nəticələri üzrə qaliblər seçilərək, maddi mükafatlandırılıb və fəxri fərmanlarla təltif ediliblər.
İclasda çıxı edənlərdən Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova, Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Bölmənin sədr müavini Sara Əzizova Həmkarlar Təşkilatının son yeddi ildəki fəaliyyət və hesabatını qənaətbəxş qiymətləndirmiş, həmçinin təşkilatın sədrinin işgüzar, səmimi və həssas şəxsi keyfiyyətlərini təqdir edib, bu baxımdan N. Hacıyevanı yenə bu vəzifənin rəhbəri seçilməsi üçün ən layiqli namizəd kimi dəyərləndiriblər. Ümumi iclasın iştirakçıları da söz alaraq, bu fikir və təkliflərlə həmrəy olduqlarını bildiriblər.
Açıq səsvermə yolu ilə Nailə Hacıyeva AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatının sədri seçilib.
Seçilən sədr gül dəstəsi ilə təbrik edilib.
Təşkilatın Komitə üzvlüyünə namizədlər də irəli sürülüb və səsvermə ilə onun 7 nəfərlik heyəti müəyyənləşib.
İclasda Həmkarlar Təşkilatının təftiş komissiyasının sədri Yeganə Əliyeva da hesabatla çıxış edib.
İclasda həmçinin Bölmənin Həmkarlar Təşkilatının təftiş komissiyasına Yeganə Əliyevanın namizədliyi verilib. Komissiyaya Y. Əliyeva sədr olmaqla 3 nəfərlik heyət də seçilib.
Toplantıda daha bir məsələ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu ilin sonlarında keçiriləcək qurultayına nümayəndələrin seçilməsi ilə bağlı olub. Səsvermə yolu ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Bölmənin Həmkarlar Təşkilatının sədri Nailə Hacıyeva bu elm ocağından həmin qurultaya nümayəndə seçiliblər.
İclasda AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov da çıxış edib. O, Gəncə Bölməsinin əməkdaşlarına, onun sədri akademik Fuad Əliyevə AMEA prezidenti, akademik İsa Həbibbəylinin salamlarını çatdırararq, Gəncənin bu başlıca elm ocağının fəaliyyətinin daim yüksək qiymətləndirildiyini vurğulayıb. O, Gəncə Bölməsinin uğurlu fəaliyyətində Həmkarlar Təşkilatının əməyinin də böyük rolunun olduğunu qeyd edib. S. Həsənov seçilmiş rəhbər heyəti bir daha təbrik edərək, onlara Həmkarlar Komitəsinin fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Sonra siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov həmmüəllifi olduğu “Heydər Əliyev və İlham Əliyev: güclü dövlət, qələbənin fəlsəfəsi, Böyük Qayıdış” adlı kitabın nüsxələrini AMEA Gəncə Bölməsinə hədiyyə edib.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev də qonağa bu elm ocağında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə nəşr edilmiş kitabları hədiyyə edib.