XƏBƏRLƏR
09.09.2024 / Konfranslar, iclaslar
Beynəlxalq elmi konfransda Qarabağ təbiətinin biomüxtəlifliyi haqda da danışılıb

   Türkiyənin İzmir şəhərində  “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda İkinci Beynəlxalq konfrans keçirilib. Üç günlük elmi forum bu ölkənin Ege Universiteti, Özbəkistanın Andijan Dövlət Universiteti və Bakı Dövlət Universiteti tərəfindən birgə təşkil olunub.

   Konfrans Avrasiya məkanında ətraf mühitə mənfi təsirlər nəticəsində   insan  həyatı üçün problem yaradan ekoloji  məsələlərə və onların həlli yönündə qlobal prioritetlərə  həsr edilib.

   Ege Universitetində  baş tutan elmi görüş Türk dövlətləri alimlərinin vahid platformada sağlam gələcək naminə tərəfdaşlıq və birgə faydalı fəaliyyətin  nümunələrindən olub.

   Konfransda  ölkəmizin müxtəlif ali təhsil və elmi tədqiqat müəssisələrindən olan alim-bioloqlar da  əyani və ya onlayn formada qatılıb və məruzələrlə çıxış ediblər. Onların sırasında Elm və Təhsil Nazirliyinin Gəncə Nəbatat Bağının Bitki ehtiyatı şöbəsinin müdiri, professor  Aynur Bayramova və həmin qurumun Biomühəndislik, biotexnologiya və geobotanika şöbəsinin müdiri  Ramidə Quliyevanın “Qarabağın bioloji müxtəlifliyi və müasir perespektivləri” mövzusundakı birgə məruzəsi böyük maraq doğurub.  

   Ümumən Azərbaycan alimlərinin 70 məruzəsi konfransın materialları toplusuna  daxil edilib.