XƏBƏRLƏR
16.09.2024 / Mühüm hadisələr
Gəncədə “Nizami günləri” keçirilib

SİLSİLƏ TƏDBİRLƏRİN İLK GÜNÜNDƏKİ  ELMİ-PRAKTİK KONFRANSDA AMEA GƏNCƏ BÖLMƏSİNİN NİZAMİ GƏNCƏVİ MƏRKƏZİNİN ƏMƏKDAŞLARI DA YAXINDAN İŞTİRAK EDİBLƏR

 

   Öz əsərləri ilə bəşəri harmoniyanı təqdir edərək bu hədəfə yetişmək yollarını göstərən, elə həmin məqsədlə də özünə ədalətli nizamçı mənası daşıyan təxəllüs seçən böyük şair və mütəfəkkirimizin doğma yurdunda onun dühası şərəfinə keçirilən milli, mədəni, ictimai, eləcə də elmi-kütləvi  tədbirləri əhatə edən ənənəvi “Nizami günləri” davam edir.

   Müasir dövrdə Nizami təfəkkürünün mahiyyətinin ölkəmiz və cəmiyyətimizin inkişaf qanunauyğunluqlarının hazırkı dünyanın ziddiyyətli proseslərini də nəzərə almaqla elmi baxımdan dərk edilməsi vacibdir.

   Görünür, elə həmin amalla da budəfəki “Nizami günləri” elmi xarakterli bir tədbirlə başlayıb. Dahi şairin Məqbərəsi yaxınlığında yerləşən Nizami Gəncəvi Müzeyində elmi-praktik konfrans təşkil olunub.

   Konfransın aparıcısı və sədri, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov  öz girş sözündə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında millətimizin həmrəyliyi və ordumuzun rəşadəti ilə Vətən torpaqlarımızın bütövlüyünün tam və qəti şəkildə bərqərar edilməsini Azərbaycanın möhtəşəm siyasi, hərbi, eləcə də mənəvi qələbəsi kimi səciyyələndirib. O,  zəfərimizlə yeni ruhi yüksəliş qazanmış cəmiyyətimizdə Nizami dünyasının, onun əbədiyaşar ideallarının tam dolğunluğu ilə mənimsənilməsinin milli-ideoloji məsələ halına gəldiyini və bu işdə alimlərin xüsusi vəzifələrini qeyd edib.

   Akademik Rafael Hüseynov konfransda “Nizami Gəncəvi ədəbi məktəbinin Şərq və Qərb ədəbi-mədəni təfəkküründə yeri” mövzusnda məruzə ilə də çıxış edərək, Nizami dünyasının tərəqqipərvər fikir və yaradıcılıq tarixində yeri olan görkəmli şəxsiyyətlərə təsiri məsələlərindən danışıb.

   Filologiya üzrə fəlsəfə doktoru İlahə Hacıyeva “Anadilli “Xəmsə” ardıcılları: bütöv və fraqmentar cavablar” adlı məruzəsində isə dahi şairin əsərlərinin ideya və motivlərinin Azərbaycan ədəbiyyatının istər klassiklərin, istər də yaxın çağların nümayəndələrinin yaradıcılığında öz əksini tapmasından söhbət açıb.

   Konfransın daha bir məruzəçisi, əməkdar rəssam Elçin Hami Axundov”Nizami şəxsiyyəti və irsinin animasiya həllinin problemləri və “Xəmsə”  süjetləri” mövzusunda çıxış edib və böyük şairin əsərlərinin ibrətamiz əhvalatlarının müasir kinematoqrafik üsullarla ekranlaşdırılmasının xüsusən yetişməkdə olan nəslin tərbiyəsində oyaya biləcəyi rolun əhəmiyyətindən danışıb.

   AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı” mövzusundan davışıb.

   Konfransda həmçinin Gəncənin ziyalılarından pedaqoqika üzrə fəlsəfə doktoru, dosent Bayram Apoyev, yazıçı  Nüşabə Əsəd Məmmədli və AYB Gəncə Bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova çıxış ediblər.

   Konfransın yekununda akademik Rafael Hüseynov maraqlı və aktual konfrasda iştirak etdiklərinə görə dahi mütəfəkkirimizin irsinin tədqiqatçıları və Gəncənin ziyalı mühitinin təmsilçilərinə təşəkkür edib.

   Qeyd edək ki, konfrans çərçivəsində AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzində çalışan gənc doktorant nizamişünasların akademik Rafael Hüseynovla işgüzar elmi görüşü də təşkil olunub. Görüşdə tədqiqatçı gəncləri maraqlandıran məsələlər barədə müzakrələr aparılıb.

   Konfransdan sonra böyük şairin məqbərəsi önündəki meydanda  “Nizami günləri”nin rəsmi açılışı mərasimi olub. Nizami Gəncəvi Məqbərə Kompleksi ərazisində Gəncə rəssamlarının əl işləri dümayiş olunub. Böyük şairin qəbri ziyarət edilib.     

   Tədbirlər silsiləsinin açılışında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, akademik Rafael Hüseynov və digər qonaqlar çıxış ediblər. Mərasimə Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulları da qatılıblar.

   İştirakçılar Nizaminin “Xəmsə” qəhrəmanlarının əhvalatlarından ibarət “Beş qapı”" tetrallaşdırılmış tamaşanı izləyiblər.

   Dahi şairə həsr olunmuş günlər çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında  kamera orkestri və solistlərin iştirakılə “Nizami klassik musiqidə”,  eləcə də  “Nizami muğam dünyası”, “Nizami qiraətləri” və digər musiqili və ədəbi proqramlar nümayiş olunub.

   Beş günlük tədbirlər sentyabrın 15-də Gəncə filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında Əfrasiyab Bədəlbəylinin “Nizami” operası nümayiş ilə yekunlaşıb. Tamaşanın bədii rəhbəri SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyidir. Nizami obrazında Əməkdar artist Ramil Qasımov çıxış edib.