XƏBƏRLƏR
27.09.2024 / Mühüm hadisələr
AMEA Gəncə Bölməsində 27 Sentyabr Anım Günü qeyd olunub

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən 27 Sentyabr Anım Gününə həsr olunmuş “Dəmir yumruq yerindədir və hər zaman yerində olacaq!” mövzüsunda Dəyirmi masa keçirilib.

   Tədbirin əvvəlində 44 günlük Vətən Müharibəsinə həsr olunan sərgiyə baxış keçirilib.

   Tədbir Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

   Dəyirmi masanı giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq xatırladıb ki, Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

   Akademik Fuad Əliyev qeyd edib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirib və millətimizin 44 günlük Vətən Müharibəsi Böyük Zəfər ilə başa çatıb. Akademik Fuad Əliyev Bölmə tərəfindən Gəncənin şəhidlərinə həsr olunan kitab buraxıldığnı da xatırladıb.

   Akademik Fuad Əliyev həmçinin AMEA Gəncə Bölməsinin  Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş əməkdaşlarını xüsusi olaraq salamlayıb və onlara can sağlığı və uğurlar arzulayıb. Bu əlamətdar gün münasibətilə onlar - Qarabağ Müharibəsi iştirakçısı Əjdər Əliyev və Vətən Müharibəsi iştirakçısı Əhməd Aslanov mükafatlandırılıblar.

   Dəyirmi masada AMEA Gəncə Bölməsinin sədr müavini, k.ü.f.d. Sara Əzizova “Vətən müharibəsi Gəncə şəhidləri”,  Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov “44 günlük Vətən müharibəsi və Azərbaycan Milli Elmlər Akademiyası” Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, t.ü.f.d., dosent  Nərgiz Rəsulova  “27 Sentyabr  - Diplomatik kürsüdən Zəfərə aparan yol”, həmin institutun Etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d., dosent  Samirə Qasımova “27 Sentyabr  – Hərbi-siyasi gücümüzün, milli ruhumuzun və həmrəyliyimizin təntənəsi günüdür”, Elm və Təhsil Nazirliyi Aqrar Problemlər İnstitutunun direktor müavini, a.e ü.f.d., dosent Aygün Bayramova “Cənab Prezident İlham Əliyevin 27 Sentyabrı Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi  haqqında Sərəncamının önəmliliyi” mövzuları üzrə çıxış ediblər.

   Çıxışlar ətrafında müzakirələr aparılıb.

   Tədbirin sonunda akademik Fuad Əliyev maraqlı və ətraflı çıxışlara görə iştirakçılara minnətdarlıq bildirib.

   Saat 12:00-da AMEA Gəncə Bölməsinin kollektivi bütün ölkə ərazisində  Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsinə elan olunan bir dəqiqəlik anım duruşuna qatılıb.

   27 Sentyabr Anım Günündə həmçinin AMEA Gəncə Bölməsinin bir qrup əməkdaşı Gəncə şəhəri 27 saylı  məktəb liseydə olaraq,  şəhid Altun Məmmədovun adını daşıyan sinif otağını ziyarət ediblər. AMEA Gəncə Bölməsinin sədr müavini Sara Əzizova burada dərs alan, şəhidin bacısının övladı, dördüncü sinif şagirdi İnci Cəfərovaya Bölmədə nəşr edilmiş “Vətən Müharibəsinin Gəncə şəhidləri” kitabını hədiyyə edib. Əməkdaşlar uşaqlarla vətənpərvərlik ruhlu söhbət ediblər.