AMEA-nın Gəncə Bölməsinin əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan ümumşəhər ağacəkmə aksiyasına qoşulub
AKSİYANIN İLK GÜNÜNDƏ BÖLMƏNİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN 280 ƏDƏD AĞAC ƏKİLİB
Gəncə Şəhər İcra Hakimiyyəti və şəhərin müəssisə və təşkilatları tərfindən Bakı-Qazax magistral avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində genişmiqyaslı ağacəkmə askiyası təşkil olunub.
AMEA-nın Gəncə Bölməsi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan bu ümumşəhər aksiyasında fallıq nümayiş etdirib. Gəncənin bu başlıca elm ocağının əməkdaşları hazırki aksiya çərçivəsində 280 ədəd Eldar şamı əkiblər.
Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhərdəki elm ocaqları və universitetlərin, digər idarə, müəssisə, təşkilatların nümayəndələri, könüllər və şəhər sakinləri iştirak ediblər.
Qədim “İpək yolu” ərazisində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Bu aksiya həmçinin iqlim dəyişikliyi üzrə Azərbaycanda keçiriləcək COP 29-a həsr olunub.
Qeyd edək ki, Gəncədəki “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan bu ağacəkmə aksiyası beş gündür ki, davam edir. Həftə ərzində isə 10 min ədədədək ağacın əkilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, ağacəkmə aksiyasına Gəncə şəhər Kəpəz və Nizami bələdiyyələri, AMEA-nın Gəncə bölməsi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, SN Gəncə Tibb Kolleci, GDU-nin nəzdində Regional Kollec, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Gəncə Gömrük İdarəsi, “Gəncə Avtomobil Zavodu” İB, “Gəncə Şərab - 2” MMC, “Azəralüminium” MMC, Gəncə Mərkəzi Univermağı və digər müəssisələr töhfə veriblər.