XƏBƏRLƏR
30.10.2024 / Konfranslar, iclaslar
“Dövrün qlobal problemləri: iqlim dəyişiklikləri” mövzusunda Gəncədə elmi-praktik konfrans keçirilib

 

ELMİ FORUM COP29 VƏ “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ”NƏ HƏSR OLUNUB

 

Gəncə Şəhər  İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və  onun Aqrar Problemlər İnstitutunun birgə təkilatçılığı, ölkənin müxtəlif elmi-tədqiqat ocaqlarının təmsilçilərinin iştirakı ilə baş tutan iki günlük konfrans AMEA Gəncə Bölməsində keçirilib.

Tədbir öncəsi, Bölmənin sədri Gəncə Bölməsi və Aqrar Problemlər İnstitutunda keçiriləcək konfransın iştirakçılarını salamlayaraq, müasir dövrümüzün planetar problemlərinin, o cümlədən ölkəmizdə ekologiya, kənd təsərrüfatı, su ehtiyatları, ərzaq təminatı və digər sahələrdə mövcud olan vacib məsələlərin  həllinə Azərbaycan alimlərinin də töhfə vermək naminə çalışdıqlarını və bu mötəbər elmi konfransın da həmin məqsədlərə xidmət edəcəyinə inandığını bildirib.

Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə güllər düzüb, dövlətçiliyimizin memarının əziz xatirəsinə bir daha ehtiram bildiriblər.

AMEA Gəncə Bölməsinin böyük akt salonunun önündə konfransın mözusu üzrə təşkil olunan sərgiyə  də baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

“Dövrün qlobal problemləri: iqlim dəyişiklikləri” elmi-praktik konfransın aparıcısı, AR KTN Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor İbrahim Cəfərov bu elmi tədbirin adına uyğun olaraq, müzakirə olunacaq məsələlərin qlobal miqyasda dünyanı təhdid edən iqlim anomaliyası,ekoloji böhran, eləcə də lokal hərbi konfliktlər səbəbindən təbii resursların, ərzaq təminatının azalması, aqrar istehsalatın kəmiyyət və keyfiyyət tənəzzülü və digər bu kimi məsələlərlə bağlı  problemlərin ölkəmizin, onun bölgələrinin həyati məsələlərinə təsirinin minimuma endirilməsi üzrə qarşıda duran vəzifələri əhatə etdiyini bildirib.

İ. Cəfərov vurğulayıb ki, öz dövlət müstəqilliyini bərpa etməklə, Azərbaycan qlobal dünyanın tərkib hissəsinə çevrilib və planetin, beynəlxalq aləmin qarşısnda duran çağırışların bilavasitə ölkəmizə də aidiyyatı var və bu baxımdan, biz alimlər də ümumbəşəri problemlərin mahiyyətinə dərindən varmaqla, bu məsələlərin həlli istiqamətində səylərimizi birləşdirməliyik. O, konfransda xüsusən aqrar yönlü elmi-tədqiqat institutlarının rəhbərlərinin iştirak etdiyini qeyd edərək, bu elmi müəssisələrdə tədqiqatları daha da genişləndirməyə və fəaliyyətlərini bir-biriylə koordinasiya etməyə çağırıb.

AR ETN  Aqrar Probelmlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova çıxışında konfransın ölkə prezidentinin cari ili “Yaşıl Dünya naminə Həmrəylik İli” elan etməsinin dövrün qlobal problemlərinə müstəqil dövlət kimi Azərbaycanın həssas yanaşmasının və hər sahədə çalışan vətəndaşlarımızın bu yöndə öz töhfələrini verməsinin təzahürü olduğunu qeyd edib. O, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə , daha çox COP29 kimi tanınan Konfransının Bakıda keçirilməsinin  cənab Prezident İlham Əliyevin tərəqqipərvər siyasəti və fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq nüfuzunun artmasının, o cümlədən dünyanın qlobal problemlərinin həllində dövlətimizin qabaqcıl mövqeyinin tanınmasının, Azərbaycanın gələcəyə yönəlmiş “yaşıl strategiya”sının dəstəkləndiyinin sübutlarından olduğunu vurğulayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin şəbə müdiri Yadigar Bədəlov çıxış edərək, Gəncənin elm ocaqlarında, o cümlədən AMEA Gəncə Bölməsində keçirilən tədbirlərdə daim həvəs və maraqla iştirak etdiyini vurğulayıb, bu konfransın da yüksək səviyyədə hazırlanmasına görə təşkilatçılara, həmçinin Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə minnətdarlıq bildirib. O, konfrans iştirakçılarına Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salam və uğur arzularını çatdırıb.  

Konfransın açılış iclasında həmçinin AR ETN Bioresurslar İnstitutunun direktoru,  kimya üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov,  AR KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun  direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Elmar Allahverdiyev, AR KTN Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent İlham Qaraqurbanlı, AR KTN Əkinçilik İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev,  AR KTN Üzümçülük və Şərabçılıq İnstitutunun  direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Səlimov, AR KTN Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mahir Hacıyev,  Aqrar Sığorta Fondunun Qazax-Tovuz Regional Filialının Rəhbəri Valeh Əsədov, Göygöl Milli Parkının direktoru Fuad Quliyev və AR ETN Nəbatat bağının şöbə müdiri,biologiya elmləri doktoru, professor Aynur Bayramova çıxış ediblər.

Birinci plenar iclasda isə ETN Torpaqşünaslıq və Aqrokimya İnsitutunun aparıcı elmi işçisi, aqraq elmlər üzrə fəlsəfə doktoru, dosent, Azad Kərimov “Salyan düzü şəraitində becərilən pambiq bitkisi altindakı suvarilan boz-çəmən torpaqlarin nəmlik rejimi”, AR ETN Aqrar Probelmlər İnstitutunun şöbə müdiri Vəfa Məmmədova  “İqlim dəyişmələri və onların çay axımına təsiri”, Şəki Regional Elmi Mərkəzinin şöbə müduri,  biologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Bəkirov . “Hibrid kombinasiyalar üçün daha yüksək bioloji göstəricilərə malik cinslərin təyin edilməsi” mövzuları üzrə məruzələri dinlənilib.

Konfransın ikinci günündə  “İşğaldan azad olunmuş ərazilərin su ehtiyatları və ondan istifadə potensialı”, “Qlobal iqlim dəyişikliklərinin pomidor bitkisinin istixanalarda yetişdirilməsinə təsiri”, “Azərbaycan əhalisində qocalma prosesinin bioloji və sosial aspektlərinin tədqiqi və sağlam yaşlanma strategiyalarınn inkişafı”, “İqlim dəyişikliklərinin ətraf mühitə və insan sağlamlığına təsiri”, “Deqradasiyaya uğramış torpaqların keyfiyyətinin ekoloji normallaşdırılması və bərpa edilməsi yolları” və digər maraqlı mövzuları əhatə edən məruzələr dinlənilib.

Konfransı beş istiqaməti üzrə ümumən 72 elmi məruzə təqdim edilib. 

Konfransa iştirakçılarına aktual problemlər haqda ətraflı məruzə və çıxışlara görə sertifikatlar təqdim edilib.