
AMEA-nın Gəncə Bölməsinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında illik hesabatı olub
Hesabatda AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Bölmənin institut və şöbələrinin rəhbərləri, AMEA-nın müxbir üzvləri Səlimə Mehdiyeva, Vaqif Novruzov və İbrahim Cəfərov iştirak ediblər.
Akademik Fuad Əliyev iştirakçıları salamlayaraq, hesabat ilinin bir sıra əlamətdar hadisələrlə yadda qaldığına diqqət çəkib. O, cənab Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-un dünya ölkələrinin liderlərinin iştirakı ilə ölkəmizin paytaxtında keçirilməsinin böyük tarixi hadisə kimi dəyərləndirərək, Azərbaycanın ildən-ilə artan beynəlxalq nüfuzu fonunda alimlərimizin qarşısında daha məsuliyyətli vəzifələrin durduğuna diqqət çəkib və bu günkü hesabatın da məhz bu vəzifələr baxımından dinlənilməsini xahiş edib.
Dinləmələrdən öncə, AMEA-nın akademik-katibi akademik Arif Həşimov giriş sözündə Azərbaycan Prezidenti İlham Əliyevin çağırışları işığında yeniləşən Akademiyada aparılan islahatlardan söz açaraq, ölkənin inkişaf strategiyası və müasir dövrün qlobal çağırışlarına uyğun olaraq AMEA-nın yeni inkişaf konsepsiyası və yol xəritəsinin hazırlandığını xatırladıb. Gəncə Bölməsində də bir sıra elmi istiqamətlər üzrə uğurlu nəticələrin əldə olunduğunu bildirən Arif Həşimov tədqiqatların bu bölgənin priorotet sahələrini əhatə etməsinin vacibliyini qeyd edib.
Sonra AMEA-nın Gəncə Bölməsinin institut və şöbələrinin 2024-cü il üzrə illik hesabatları dinlənilib.
Bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Humanitar Tədqiqatlar institutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova, Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Samirə Qasımova çıxış ediblər. Elmi qurumlar tərəfindən il ərzində müxtəlif elm sahələri üzrə aparılmış tədqiqatlar, əldə edilmiş elmi nəticələr, çap olunmuş əsərlər, elmi məqalələr barədə hesabat verilib. Həmçinin il ərzində keçirilmiş elmi konfrans və dəyirmi masalar, forumlar, sərgilər, kitab təqdimatları, əlamətdar günlər və yubileylərlə bağlı təşkil olunmuş tədbirlər barədə də ətraflı məlumat verilib.
Daha sonra məruzə ətrafında çıxışlar olub, geniş müzakirə aparılıb.
AMEA-nın akademik-katibi, akademik Arif Həşimov təqdim edilmiş hesabat barədə fikirlərini bildirib, Gəncə Bölməsində il ərzində aparılan işləri yüksək qiymətləndirib, hesabatda Bölmənin fəaliyyətinin dolğun əks olunduğunu qeyd edib, qurumun yeniləşmə mərhələsində atdığı addımları yüksək qiymətləndirib.
Hesabatda dinləmələrində iştirak edən AMEA-nın müxbir üzvləri - İbrahim Cəfərov, Vaqif Novruzov və Səlimə Mehdiyeva da çıxış edərək, Gəncə Bölməsinin işinin təşkili və burada aparılan tədqiqatların istiqamətlərini təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Həmçinin AMEA-nın Gəncə Bölməsinin dövrü elmi nəşrlərinin “Xəbərlər”, “Tarix” və “Nizamişünaslıq” jurnallarının mütəmadi olaraq işıq üzü görməsi vurğulanıb.
Hesabatların dinləmə və müzakirələrindən sonra yekun mülahizələr qərar layihəsində əks olunub. O cümlədən AMEA-nın Gəncə Bölməsinin elmi müəssisələrinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məqbul hesab edilib, AMEA-nın Ümumi yığıncağının qərarı ilə təsdiq olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün İnkişaf Proqramı”nın müddəalarına uyğun olaraq elmi tədqiqat işlərinin davam etditriliməsi qeyd olunub, Nizami Gəncəvinin həyat və yaradıcılığının, şəcərəsinin, yaşadığı tarixi ərazinin tədqiqi və bu yöndə elmi işlərin xarici dillərə tərcüməsi işlərinin davam etdirilməsi, Nizami Gəncəvi Ensiklopediyasının hazırlanması üçün materialların toplanmasına xüsusi diqqət göstərilməsi, Qərb bölgəsi mütəfəkkirlərinin həyat və yaradıcılığının tədqiqi üzrə aparılan araşdırmaların davam etdirilməsi tapşırılıb. Dilimizin saflığının qorunması, qərb bölgəsinin dialekt və şivələrinin araşdırılmasına və qərb bölgəsində istifadə edilən sözlərin dialektolojı lüğətinin hazırlanması, Azərbaycan bəstəkarlarının əsərlərində Nizami Gəncəvinin poetik irsindən istifadə mövzusu üzrə elmi araşdırmaların davam etdirilməsi tapşırılıb. Gəncə şəhərinin və Qarabağ bölgəsi tarixinin tədqiqi mövzusu üzrə aparılan elmi tədqiqatların davam etdirilməsi, Gəncənin şəhər incəsənətinin tədqiqinə xüsusi diqqət verilməsi, elm və təhsilin inteqrasiyası, beynəlxalq elmi əlaqələrin inkişafının nəzərə alınması tapşırılıb. Elmi kadrların hazırlanması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, AMEA Gəncə Bölməsinin əməkdaşlarının elmi nəticələrinin “Scopus” və “Web of Science” elmmetrik bazalarına daxil olan jurnallarda nəşr olunmasına diqqət yetirilməsi tapşırılıb. Bölmə tərəfindən hazırlanan “Soyqırım” kitabına materialların toplanılmasnın davam etdirilməsi, kitabda azərbaycanlılara qarşı törədilən soyqırım və torpaqlarımızın işğalı prosesinə Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilən siyasi qiymətin əks olunması, “Gəncə incəsənəti” kitabının metalişləmə bölməsi tarixi və müasir materiallar əsasında yenidən işlənilməsi, kitabda Gəncənin memarlıq sənətinin bütün tarixi dövrlərinin də əks olunması qərara alınıb.
Toplantıda həmçinin “Ən fəal elmi işçi” müsabiqəsinin nəticələri də elan edilib. Elmi fəaliyyət göstəriciləri üzrə ən yüksək bal toplamış Əlimuxtar Muxtarov birinci, Aynurə Əmiraslanova ikinci, Nərgiz Rəsulova üçüncü yerlərin qalibləri olublar. Onlara təşəkkürnamələr təqdim edilib.