
AMEA-nın Gəncə Bölməsinin əməkdaşları məlum təyyarə qəzasında həlak olanların xatirəsinə ehtiram bildiriblər
Ölkəmiz, cəmiyyətimiz üçün gözlənilməz faciəvi hadisə - dekabrın 25-də Azərbaycan Hava Yollarının Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Bu ağır qəzada həlak olanların matəm günündə onların xatirəsi respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhərində bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində keçirilən bugünkü iclasda Bölmənin sədri, akademik Fuad Əliyev ziyalılar adından çıxış edərək, bu ağır hadisə xəbərindən hər birimizin dərindən sarsıldığını, həyatını itirənlərin yaxınlarının kədərinə şərik olduğumuzu, xəsarət alanlara uca yaradandan şəfa dilədiyimizi bildirib.
Bölmənin əməkdaşları Respublikamızda elan olunmuş bir dəqiqəlik anım sükutu duruşuna qatılıblar, həyatını itirən insanların ruhlarına dualar ediblər.