
AMEA-nın Gəncə Bölməsində görkəmli ədəbiyyatşünas alim Xəlil Yusiflinin 90 illiyi qeyd olunacaq
Əməkdar Elm xadimi, şöhrət ordenli, filologiya elmləri doktoru, professor Xəlil Yusiflinin (1935 – 2022) anadan olmasının 90 illiyi münasibətilə AMEA-nın Gəncə Bölməsində iyun ayında böyük konfrans keçirilməsi nəzərdə tutulur.
Bölmənin Rəyasət Heyətinin növbəti iclası bu mötəbər elmi foruma hazırıq prosesinə həsr olunub. Bölmənin sədri, akademik Fuad Əliyev çıxış edərək, professor Xəlil Yusiflini Azərbaycan filologiya elminin, xüsusən nizamişünaslığımızın inkişafında müstəsna xidmətləri olan şəxsiyyət kimi səciyyələndirib və keçirilməsi nəzərdə tutulan konfransın onun adına və nizamişünaslıq elminə verdiyi töhfələrə uyğun olmasının vacibliyinə diqqət çəkib.
O, Bölmənin Nizami Gəncəvi Mərkəzinə, eləcə də digər şöbələrə konfransın lazımi səviyyədə keçirilməsi üçün tapşırıqlar verib. Bu baxımdan, qarşıdakı hazırlıq dövründə bir sıra tədbirlər - gökəmli alimin həyat və fəaliyyətinə dair kitabça hazırlanması, sənədli film çəkilməsi tapşırılıb. Həmçinin konfransa aid materiallarda professor Xəlil Yusiflinin böyük mütəfəkkirimiz Nizami Gəncəvinin irsinin araşdırılmasında, o cümlədən onun yubileyləri ilə bağlı Gəncədə möhtəşəm elmi işlərin həyata keçirilməsində, muzeyinin yaradılmasında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində iştirakının dolğun əks olunması kimi vacib məsələlərə diqqət yetiriləcək.
Həmçinin tədbirin gedişatında professor Xəlil Yusiflinin doğma yurdunda - Qazağın Aslanbəyli kəndindəki məzarı da ziyarət ediləcək.
İclasda konfransla bağlı qarşıdakı vəzifələrə dair səsləndirilən bir sıra fikir və təkliflər də müzakirə edilib.